Aslan İsmayılov Gürcüstandakı seçkilərdən yazır: - Saakaşvili ilə bir vətəndə doğulmaqlarını qürurla vurğulayacaqlar...

Azərbaycanın tanınmış vəkili Aslan İsmayılov Gürcüstanda keçiriləcək Parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info Aslan İsmayılovun həmin qeydlərini təqdim edir:
Bu il oktyabrın 26-da mənim üçün ikinci Vətən olan, Gürcüstanda taleyüklü Parlament seçkiləri keçiriləcək. Daim Gürcüstanda baş verənləri diqqətlə izləmişəm. Korrupsiya, kriminal burulğanında boğulan Gürcüstandan dünyaya nümunə olacaq dövlət quruculuğu da gözlərimin qarşısında baş verib. Bu prosesdə Siz vətəndaşlarla bərabər, M.Saakaşvilinin və onun komandasının əvəzsiz xidmətlərini qeyd etməmək böyük haqsızlıq olardı. İnsan olaraq hamımız bilməliyik ki, əgər bu gün evlərinizdə işıq, su, qaz varsa, birinci növbədə hamı Saakaşvilinin siyasətinə borcludur. Bu gün Avropaya vizasız gedirsinizsə, o da bu komandanın fəaliyyətinə görədir. Həqiqətən doğru deyirlər ki, öz Vətənində Peyğəmbər olmur.
Bu gün hamının Saakaşviliyə qarşı haqsızlıq etdiyini inamla deyirəm. Mişanı şəxsən 1996-cı ildən tanıdığımdan, fəaliyyətini həmişə diqqətlə izlədiyimdən əminliklə deyirəm ki, bir vaxtlar Gürcüstanlılar dünyada ən dahi demokrat, ən dahi dövlət qurucusu, ən dahi vətəndaş, nəhayət, ən sadə, böyük şəxsiyyət kimi tanınan M.Saakaşvili ilə bir Vətəndə doğulmağını qürurla vurğulayacaqlar. Əlbəttə, dünyada Uca Allahdan başqa səhvsiz insan yoxdur. Elə Mişanın da səhvləri olub. Ancaq əminliklə bildirirəm ki, bunlar Mişanın öz maraqları üçün olmayıb. Əgər tələskənlik, bəlkə də qəddarlıq olmasaydı, heç vaxt o müddət ərzində nailiyyət əldə etmək mümkün olmazdı.
Məhz onun dövründə Gürcüstanda “1+4” proqramı tətbiq olunmağa başlandı. Bu proqram milli azlıqlar üçün nəzərdə tutulub və gürcü dilində ali təhsil almaqda çətinlik çəkən tələbələrə əvvəlcə bir il gürcü dili hazırlığı keçərək, sonra isə seçdikləri ixtisas üzrə ali təhsilə davam etmək imkanı verir. Proqramın əsas məqsədi milli azlıqların ali təhsildə iştirakını artırmaq və onların təhsil sisteminə inteqrasiyasını asanlaşdırmaqdır. B.İvanişlivinin gəlməsi ilə azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya prosesi də durdu.
Bu günlər artıq Gürcüstanın sürətlə geriyə qayıdışına heç kimin şübhəsi yoxdur. Hazırkı hakimiyyət başda B.İvanişvili olmaqla neçə illərdir ki, Mişa hakimiyyətinin qurduqlarını kərpic-kərpic söksə də, tam istəyinə nail ola bilməyiblər. Böyük əks-səda doğurmuş QHT ilə bağlı Qanunda elə müddəalar var ki, seçkilərdə hazırkı hakimiyyət qalib gələrsə, Gürcüstanda Vətəndaş cəmiyyətinin sonuna çıxacağına heç kim şübhə etməsin. Bidzina tərəfdarları qalib gələrlərsə, Rusiyada olan hakimiyyətin kserosurəti Gürcüstanda da yaradılacaq və sizlərin Avropaya vizasız gediş-gəlişi bitəcək. Bundan başqa, iqtisadi cəhətdən ölkə tam çökəcək, çünki ölkəyə yatırımlar dayanacaq, bu da turist gəlişini azaldacaq və sonda sizlərin yoxsullaşmanıza gətirib çıxaracaq.
Bir daha hamınızı seçkilərdə aktiv olub Gürcüstanın gələcəyinə biganə olmamağa səsləyirəm.