İşdən çıxarılan müəllimə qarşı yeni iddia: - Təzminat tələb edilir...

Xəbər verdiyimiz ki, İmişli rayon Aranlı kəndindəki 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Leyla Nəcəfquliyevanın bu il oktyabrın 16-da uşaqları yerdə xalça üstündə əyləşdirməklə dərsi açıq havada keçirməsi və bunu sosial media hesabında paylaşması onun işdən çıxarılması ilə nəticələnib. Mil-Muğan regional Təhsil İdarəsi müəllimin öz şəxsi məqsədləri üçün uşaqlardan alət kimi istifadə etdiyini, bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozduğunu iddia edib.

Gununsesi.info xəbərin verir ki, İmişli rayonunun Aranlı kəndindəki 1 saylı tam orta məktəbin sabiq müəllimi Leyla Nəcəfquliyeva işə bərpa olunmaq uğrunda mübarizə apardığı bir vaxtda onun özünə qarşı da iddialar qaldırılıb. Bu barədə məlumatı müəllimin özü verib.

Müəllimin sözlərinə görə, İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov onu “ağır və xüsusilə ağır cinayətlərdə ittiham etməklə böhtan atma“da təqsirləndirərək barəsində xüsusi ittiham qaydasında şikayət verib.

Vurğulayaq ki, oktyabrın 17-də Yasamal rayon Məhkəməsi sektor müdirinin şikayətini icraata götürməkdən imtina edib.

Bu barədə onun vəkili Rövşanə Rəhimli açıqlama verib. Kərim Kərimovun məhkəmənin bu qərarından şikayət edib-etməyəcəyini, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

Onu da bildiririk ki, Yasamal rayon Məhkəməsi oktyabrın 23-də Leyla Nəcəfquliyeva barəsində verilmiş daha bir şikayətə baxmalıdır. Bu dəfə isə ona qarşı Mil-Muğan regional Təhsil İdarəsinin mühasibi Rahim Hüseynov “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” ilə bağlı iddia qaldırıb. Belə ki, bu iddiada Rahim Hüseynov barəsində yayılmış bəzi məlumatların təkzib olunmasını və mənəvi zərərə görə 1000 manat təzminat tələb edir.

Bütün bunlardan əlavə olaraq müəllim Leyla Nəcəfquliyeva işdən çıxarılmasını qanunsuz hesab edir. O, bununla bağlı Sabirabadda yerləşən 1 saylı mediasiya təşkilatına da müraciət edib.

Onun sözlərinə görə, oktyabrın 26-da ilkin mediasiya sessiyasının təyin edilməsi barədə bildiriş alıb.

Qeyd edək ki, müəllim daha əvvəl uşaqlara açıq havada dərs keçməsi yeni tikilmiş məktəb binasının istifadəyə verilməsinin ləngidilməsinə görə olduğunu qeyd etmişdi və ötən il də çalışdığı məktəbdə sanitar vəziyyətin olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi.

O, ictimaiyyətdən dəstək alsa da, sonradan təhsil strukturlarının təqibinə məruz qalmışdı.

Gununsesi.info