
Fövqəladə Hallar Nazirliyi Gəncə Müalicə Diaqnostika Mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Gununsesi.info xəbər verir ki, FHN-in Gəncə Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd tibb müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin məsul vəzifəli şəxsləri və Diaqnostika Mərkəzinin kollektivi iştirak edib.
Əvvəlcə, təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.