
“Qazaxlı Alik”in oğlu, hədə-qorxu ilə tələb etmə ittihamı ilə 6 il 6 ay azadlıqdan məhrum edilən Fuad Muradov haqqındakı hökmdən apellyasiya şikayəti verib.
Gununsesi.info xəbər verir ki, Fuad Muradov məhkəmədə siyasi sifarişlə həbs olunduğunu iddia edib. Deyib ki, onun siyasi fəaliyyəti kimlərisə narahat etdiyinə görə qondarma iş vasitəsilə onu həbsə göndərib, təcrid eləyiblər.
“Milli Fədailər Hərəkatı”nın sədri Fuad Muradov 2023-cü ilin oktyabrında həbs olunub. O, tanışları Ramil Paşşanov və Gülnar Hacıyeva ilə əlbir olub, müxtəlif adamları hədələməklə, onlardan külli miqdarda pul almaqda təqsirləndirilir.
İttihama əsasən, əvvəlcədən aralarındakı razılaşma ilə Gülnar Hacıyeva müxtəlif kişilərlə görüşüb, onların səslərini yazıb, görüntülərini çəkib. Daha sonra həmin audio və videoyazılarla Gülnarın görüşdüyü kişiləri şantaj ediblər ki, əgər tələb edilən pulu verməsələr, video və səs yazılarını ailələrinə göndərib, onları rüsvar edəcəklər. Beləliklə, zərərçəkənlərin birindən 12000, digərindən 6500, bir başqasından 5000… olmaqla pullar alınıb. Eləsi olub ki, ondan 20000 manat pul istəyiblər.
Zərərçəkmiş qismində tanınan şəxslər arasında vergi orqanının əməkdaşı, məktəb direktoru və başqa vəzifə sahibləri var.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu ilin fevralında Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay azadlıqdan məhrum edilib. Gülnar Hacıyeva da 5 il azadlıqdan məhrum edilib.
Lakin himayəsində 2018-ci il təvəllüdlü uşağının olması nəzərə alınaraq, o, 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. Bu əsasla da o, məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən apellyasiya şikayəti verən Fuad Muradov bildirib ki, məhkəmə ona münasibətdə işə ədalətli baxmayıb. Onun sözlərinə görə, zərərçəkmişlər öz təşəbbüsləri ilə şikayətçi olmayıb: “Mən siyasi sifarişlə həbs olunmuşam. Şahidlər, zərərçəkənlər məni tanımır. Mənim siyasi fəaliyyətim kimlərisə narahat edib. Bu, mənə qarşı qurulmuş qondarma prosesdir. Mən Vətən Müharibəsi iştirakçısıyam”.
Gülnar Hacıyeva Fuad Muradovgilin Ağstafa rayonundakı evindən uşaq bağçası kimi istifadə edib. Fuad Muradov ifadəsində bildirib ki, Gülnara kirayə ev verməyi ondan Ağstafanın polis rəisinin müavini xahiş etmişdi.
Gəncə Apellyasiya Məhkəməsi Fuad Muradovun apellyasiya şikayətini təmin etməyib, onunla bağlı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Gununsesi.info