
30 may 2025-ci il tarixində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Uşaqların müdafiəsində inkişaf və strateji əməkdaşlıq” konfransında bir sıra mühüm məsələlər müzakirə olunub.
Gununsesi.info xəbər verir ki, tədbirdə çıxış edən DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev sosial təhlükəli vəziyyətdə olan ailələrlə işin yeni yanaşmalarla gücləndirilməsinin vacibliyini vurğulayıb.
Ə.Nuriyev bildirib ki, yetkinlik yaşına çatmayan uşaqların təhsil, tərbiyə və qorunması sahəsində valideyn öhdəliklərinin yerinə yetirilməməsi, ailədaxili zorakılıq halları, boşanmaların artması və uşaqların nəzarətsiz qalması ciddi sosial çağırışlar doğurur. Onun sözlərinə görə, bu səbəbdən həm fərdi, həm də ümumi profilaktik tədbirlərin miqyası genişləndirilməli, riskli ailələrlə işləmək üçün koordinasiya sistemləri yenilənməlidir.
İctimai Şura sədri çıxışında bir sıra konkret təkliflər də irəli sürüb. O, internet kafelərə, oyun salonlarına və mərc oyun mərkəzlərinə nəzarətin gücləndirilməsini, kənd yerlərində uşaq əməyindən istifadənin qarşısının alınmasını və inklüziv təhsilə çıxışın mütəmadi monitorinqinin aparılmasını vacib sayıb.
“Biz hüququn qoruyucusu olmaqla yanaşı, uşağın səsini eşidən, onun gözündən baxmağı bacaran bir cəmiyyət qurmalıyıq,” – deyə sədr çıxışını yekunlaşdırıb.