
“Ailəyə ağır təsir edir ki, uşağım ölüb, qatil həbs olunmayıb”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, hər bir gəncin ölümü sağalmaz travmadır:
“Dünən Gəncədə ölən uşaqla bağlı dövlət orqanlarının birgə açıqlaması oldu ki, o, öldürülməyib. Bəzən biz istintaqın nəticəsini gözləmədən fərziyyələr irəli sürürük. Bu da ailəyə ağır təsir edir ki, uşağım ölüb, qatil həbs olunmayıb. Mən izləyirəm, bəzən uzun illər üstü bağlı olan cinayətin üstü açılır. Bu məsələdə hüquq mühafizə orqanlarının mövqeyi prinsipialdır. Bu, o demək deyil ki, hüquq mühafizə orqanlarının işində çatışmazlıq yoxdur, onları tənqid etməməliyik. Tənqid sağlam olmalıdır. Vətəndaş da polislə həmrəylik göstərməlidir. Tənqid olmalıdır, amma qərəzli tənqid yolverilməzdir”.
Qeyd edək ki, hüquq-mühafizə orqanları mayın 13-də Gəncədə xəstəxanada vəfat edən 18 yaşlı Elgün İbrahimovla bağlı rəsmi bəyanat yayıblar. Bildirilib ki, istintaq nəticəsində İbrahimovun hündürlükdən yıxılaraq aldığı çoxsaylı xəsarətlərdən öldüyü müəyyən olunub.
Lakin mərhumun ailəsi onun döyülərək xəsarət aldığını və bu səbəbdən həyatını itirdiyini iddia edir. Hadisə yerindən çəkilən və sosial şəbəkələrdə yayılan videoda təcili tibbi yardım əməkdaşının “bunu möhkəm döyüblər” deməsi də bu versiyanı gücləndirib.