
Fransa Prezidenti Emmanuel Makron təyyarədə həyat yoldaşının ona şillə vurması məsələsinə aydınlıq gətirib.
Globalinfo.az xəbər verir ki, o, hadisənin sadəcə zarafat məqsədli olduğunu deyib. Prezidentin jurnalistlərə açıqlaması Yelisey sarayının “X” sosial hesabında canlı yayımlanıb.
“Biz həyat yoldaşımla həmişəki kimi zarafatlaşırdıq, başqa heç bir şey”, – Makron bildirib.
O, baş verənlərin qlobal hadisəyə çevrilməsindən və hətta bunun ətrafında bir sıra mülahizələrin irəli sürülməsindən heyrətləndiyini dilə gətirib.
Xatırladaq ki, sosial mediada yayılmış video Bricit Makronun həyat yoldaşının üzünə şillə vurduğu iddialarına səbəb olmuşdu. Hadisənin ardından Fransa Prezidenti ənənəvi olaraq həyat yoldaşına əl uzadıb, lakin Bricit bu jestə cavab verməyərək, sərnişin pilləkənlərinin tutacaqlarından tutaraq yoluna davam edib.