Hakim müvəkkilinin əli qandallı saxlanmasına etiraz edən vəkilin cəzalandırılmasını istəyir

  • By admin
  • 16 Oktyabr 2024 14:08

Həbsdə olan gənc ictimai fəallardan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun vəkili Nazim Musayevin cəzalandırılmasından ötrü Vəkillər Kollegiyasına məktub göndərilib.

Gununsesi.info-nun xəbərinə görə, şikayətçi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, M.Orucovun işinə baxan Rasim Sadıxovdur.

Vəkil bir neçə iclasdır məhkəmə zalındakı şüşə kabinədə müvəkkilinin əliqandallı saxlanmasına etiraz edirdi.

Oktyabrın 15-də məhkəmədə M.Orucov öncə onun işinə baxan hakimlər kollegiyasına yazılı etirazını verib. Etirazını hüquqlarının sistemli olaraq pozulması ilə əsaslandıran M.Orucov məhkəməyə əlləri arxadan qandallanaraq gətirildiyini, zalda belə vəziyyətdə saxlandığını, bunu işgəncə saydığını vurğulayıb: “Avropa Məhkəməsi də öz qərarında belə davranışı işgəncə kimi qiymətləndirib. Vəkilim məhkəmədə açıq-aşkar hədələnir. Keçən məhkəmə iclasında prokuror vəkilim haqqında deyib ki, “belə vəkillər haqqında cinayət işi başlanmalıdır”. Bu, aşkar təhdiddir. Hakimsə susur, təhdidin qarşısını almır. Əksinə, özü də təhdid edir”.

M.Orucovun bu etirazı baxılmamış saxlanılıb.

Ardından vəkil N.Musayevin hakimlər kollegiyasından Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilova müraciəti səsləndirilib. Onun müraciətində müvəkkilinin şüşə kabinədə qandallı vəziyyətdə saxlanması vurğulanıb.

Hakim R.Sadıxov bildirib ki, məktubda şüşə kabinəni “akvarium” adlandırdığına görə vəkildən Vəkillər Kollegiyasına şikayət olunub, çünki bunu məhkəməyə hörmətsizlik sayır.

Vəkillər Kollegiyasından cavab gələnədək M.Orucovun məhkəməsi təxirə salınıb.

 

Afət Abbasova

Gununsesi.info