
AzadlıqRadiosunun uzun illər xaricdə yaşayıb İrana qayıdan keçmiş jurnalisti Tehranda həbs edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı oktyabrın 15-də AzadlıqRadiosunun mənbəyi bildirib.
Belə ki, ABŞ və İran vətəndaşı olan Reza Vəlizadə üç həftə əvvəl həbs edilib. Qohumlarından biri AzadlıqRadiosuna ona qarşı xaricdə farsdilli media qurumları ilə əməkdaşlıq daxil, bir sıra ittihamlar irəli sürüldüyünü deyib.
İran rəsmiləri isə Vəlizadənin həbsi ilə bağlı, hələlik, heç bir şərh verməyiblər.
Qeyd edək ki, AzadlıqRadiosunun fars xidməti olan “Fərda” Radiosunun əməkdaşı olmuş Vəlizadə 2022-ci ilin noyabrında radiodan ayrılıb. O, bir müddət xaricdə yaşayıb.
Avqustun 13-də “X” sosial şəbəkəsində yerləşdirdiyi sonuncu paylaşımda Tehrana martın 16-ı səfər etdiyi deyib. Sözügedən paylaşımda bildirilir ki, onun İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyata cavabdeh qolu ilə “tamamlanmayan” danışıqları qalıb, ancaq sonda o, 14 il sonra “hətta şifahi daxil, heç bir zəmanət məktubu olmadan”, ancaq öz məsuliyyətinə arxalanaraq İrana qayıdıb. Paylaşımın isə hansı şəraitdə yazılması qeyri-müəyyən olaraq qalır.
İran əcnəbiləri, o cümlədən ikili vətəndaşlığı olanları qeyri-qanuni həbs etməklə girov götürməkdə və öz tələblərinin yerinə yetirilməsi üçün xarici hökumətlərə təzyiq göstərməkdə ittiham olunur.