Radio verilişlərində keyfiyyət PROBLEMİ: İctimai narazılığı necə aradan qaldırmaq olar? – RƏYLƏR

Son günlər radio verilişlərindəki vəziyyətlə bağlı ictimaiyyət tərəfindən böyük narazılıqlar yaranıb.

İnsanlar radiolardakı verilişlərin keyfiyyətsizliyindən, həmçinin aparıcıların nitq qüsurlarından gileylənir.

Bəzən radio verilişlərinin daha çox satış platformasının bir növü olduğu da qeyd edilir. Sosial şəbəkələrdə göstərilən nəticələrə əsasən, insanlar musiqilərin yarımçıq kəsilib, daha çox reklam xarakterli mövzulara yönəldiyindən də narazıdırlar.

Sosioloq Əhməd Qəşəmoğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, milli ideologiyanı təbliğ etmək vacibdir:

 

“Mənim təklif etdiyim, indi beynəlxalq elm ələmdə də yayılmaqda olan “Ahəngyol” elmi bu məsələlərə aydın izahat verə bilir. Təəssüf ki, hələlik bizdə “Ahəngyol” elminə lazımi diqqət verilmir və istifadə olunmur. Bu, elmə görə hər bir insanın, hər bir xalqın, ölkənin davranışında beş dəyər mühüm rol oynayır:

Birincisi, şəxsin və ya xalqın özünün mənəvi, psixoloji hazırlığı və vəziyyəti.

İkincisi, şəxsin, cəmiyyətin yerləşdiyi, xalqın yaşadığı sosial mühitdir.

Üçüncüsü, onun aldığı informasiyanın məzmunu və intensivliyidir. Yəni, hansı məlumatları, informasiyanı daha tez-tez alır.

Dördüncüsü, üstünlük verdiyi dəyərlərdir.

Beşincisi isə şəxsin və ya ölkənin ölkənin özünü reallaşdıra bilmək imkanlarıdır.

Bu beş amili təhlil edəndə informasiyanın, dəyərlərin nə cür təbliğ olunması və yaxud o mühitdən nələr baş verməsi bu barədə daha aydın təsəvvür əldə etmək mümkündür. Bu məsələ isə birbaşa informasiyadan asılıdır. İstər şəxs olsun, istər ölkə, onun daha çox aldığı informasiyaların davranışına, özünə təqdim etməsinə mühüm təsir edir”.

Sosioloq deyib ki, Azərbaycandakı radiolara ciddi diqqət vermək lazımdır.

“Deyə bilərik ki, xalqımız informasiyanı təkcə radiolardan əldə etmir. Aydın məsələdir ki, informasiya müxtəlif yerlərdən əldə olunur. Ancaq insanlar radiolardan da informasiyaları ala bilir. Təsəvvür edin, hər hansısa bir gölə çoxlu yerdən sular gəlir. Burada biz deyə bilmərik ki, həmin gölə 5-6 bulaqdan da çirkli su gəlsin. Bu zaman ekoloji çirklənmə baş verə bilər. Bu, düzgün olmaz. Eyni ilə də bu mövzularda yanaşma belədir. Radiolarda elə məlumatlar getməlidir ki, xalqın davranışının daha məqsədə uyğun, daha gözəl formalaşmasına kömək etsin. Elə musiqi və verilişlər getməlidir ki, insanların formalaşmasında müsbət rol oynasın. Ziyanlı məsələlərə yol vermək olmaz.

Təəssüf ki, radiolarla bağlı iradlarımız çoxdur. Mən də adətən sükan arxasından dinləyirəm. Elə hiss edirəm, elə bil, bazardayam. Kimsə kefi istədiyi kimi hərəkət edə, danışa bilməz. Kimlərsə bunu demokratik cəmiyyət ilə əlaqələndirə bilməz. Elələri heç bilmir ki, demokratiya və liberal dəyərlər nə deməkdir”– deyə o, əlavə edib.

Ə. Qəşəmoğlu hesab edir ki, bu gün informasiyanın məkanı üçün ölkənin platforması olmalıdır.

” Mədəniyyət Nazirliyinə mədəniyyətimizin platforması ilə bağlı konsepsiyaya təqdim etdim və nazirlikdə onun təqdimatı da həyata keçdi. Təəssüf ki, mahiyyətinə lazımi diqqət yetirilmədi.

Bir daha qeyd edim ki, bu mövzu ilə məşğul olmaq lazımdır. Çünki radiolarla bağlı iradlarımız çoxdur. Radiolarımızın indiki vəziyyəti və fəaliyyəti qaneedici deyil. Çox istərdim ki, bu sahədə Azərbaycan məsul qurumları, xüsusilə Prezident Adminstarsiyasının Humanitar siyasət şöbəsi bu məsələyə ciddi bir münasibət göstərsin.

Məsələyə nəzarət baxımından yox, elmi baxımdan yanaşılsın. Əgər Prezident Adminstarsiyasının Humanitar siyasət şöbəsi buna başlasa, onda o müəyyən qurumlar da bu sahədə işləyər”,– deyə sosioloq fikirlərini yekunlaşdırıb.

“Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu da qeyd edib ki, internetin hər yeri ələ alması nəticəsində ənənəvi medianın bazarı daralıb:

“Radionu kim dinləyir? Kimi dindirsən, yəqin ki, “sürücülər və avtomobildə yol getməyə məhkum olan sərnişinlər” deyər. Radionun auditoriyası olduqca spesifik bir çevrədədir, daha çox işə getmək üçün yola çıxan insanlardan formalaşır. İş yerinə yolüstü avtomobillər və ya “manatlıq taksi”lərlə yollanan hər bir şəxs istədi-istəmədi radionu dinləməyə məhkumdur.

Bunu qadağan etmək də olmaz, sürücü radionu qoşmazsa, yol qəzaları daha da çoxalar, çünki sükan arxasında yuxulamaq təhlükəsi həmişə var. Bu səbəbdən sürücü ya sərnişinlə söhbət etməli, ya də radionu qoşaraq nəyisə dinləməlidir. Radio verilişlərinin və orada səslənən reklamın səviyyəsi bəzən ürəkaçan olmur. Kiçik radiostansiyaların yaradıcı heyəti də çox olmur. Aparıcı həm veriliş aparmalı, həm reklam səsləndirməli, həm də mövzu düşünməlidir. Büdcə az, tələb isə böyük olur. Reklam bazarı da elə də böyük deyil. Nə versələr, gərək ondan da danışasan. Bu da dinləyicidə qıcıq doğurur”.

İ.Rafiqoğlunun fikrincə, bu gün dünyanın media bazarında reklam siyasəti dəyişib.

“Əvvəl istənilən malı, istənilən verilişdə reklam etmək olurdusa, bu gün reklam mövzuya uyğun təqdim edilməlidir. Əks halda, mənasız olacaq. Məsələn, idman verilişində idman mallarını, qida proqramında isə sağlam qida məhsullarını reklam etmək tələbi var. Bizim yerli radioda bir qədər qarışıqlıq duyulur, dinləyici auditoriyasını araşdırmaq, marketinq strategiyasını düzgün qurmaq barədə düşünən azdır. Hər səhər işə yönələrkən radioda onlarla yersiz reklamla rastlaşırıq. Əlbəttə, radionun yaşaması üçün reklam olduqca vacibdir, sadəcə, hər bir dinləyici də keyfiyyətli və məqsədli reklamı dinləməyi arzulayır.

Aparıcıların danışığı da bəzən qıcıq doğurur. Radioda yeni tendensiyalardan biri artıq səlis, doğru-düzgün danışıq qaydasını tətbiq etmək yox, adi insanın nitqinə yaxın bir qaydada danışmaq ənənəsi yaranıb. Nitq qaydaları tək bir radioda qorunub saxlanılır, o da Azərbaycan radiosunda. Böyük ştatı, oturuşmuş verilişləri olan bu radioda hər bir dinləyicinin zövqünü oxşaya bilən mövzu tapmaq olar. Yeniliklər buradan da yan ötməyib, amma radio standartları qorunub saxlanılır.

Kiçik radiolarda aparıcının danışığının məişət nitqinin bir formasına çevrildiyini tez-tez müşahidə edirik. Elə bil, iki və ya daha çox aparıcını yox, küçədə və ya hansısa kafedə söhbətləşən insanları dinləyirik. Məişət söhbətlərini, mənasız danışıqları dinləməyə məcburuq. Bəzən sürücü radionu nə qədər ora bura çevirsə də, xeyri yoxdur, belə tip aparıcılar radio efirini tam ələ keçiriblər. Radionun maarifləndirici missiyası yoxa çıxıb.

Cəmi 15-20 nəfərlik komandası, kiçik büdcəsi olan radioları qınamaq da çətindir. Keyfiyyətli məhsul daha böyük maliyyənin, peşəkar kadrların olmasını tələb edir. Bu da asan məsələ deyil”, – ekspert bildirib.

İ. Rafiqoğlu sonda onu da vurğulayıb ki, radionun FM dalğasında sayı artmalı, reklamı çoxalmalı, radio bazarına maraqlı olan investorların sayı artmalıdır: “Cəmiyyət də maraqlı, intellektual radio verilişlərində maraqlı olduğunu hansısa yolla ifadə etməlidir. Radionun bugünkü vəziyyəti insanların maraq dairəsini əks etdirən bir göstəricidir”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info