
Əlbəttə, inkişafda olan, insani dəyərləri dəyişən bir dünyada qadın və kişi ayrımçılığı etmək çətinləşir və elə gərəksizdir də. Daha dəqiq, bu cür müqayisələr həm də güclü mübahisələr yaradır. Bir çox mənalarda gedən “Qadın yaxşıdır, ya kişi?” müqayisələri də təhlükəli mövzulara çevrilir.
Bəs fəlsəfədə? Diqqət edilsə, bu barədə müzakirə və mübahisələr yox dərəcəsindədir. Üstəlik, bənzətmələr də əksərən məişət səviyyəsində olur.
Məsələn, dünyanın ən yaxşı aşpazı, dərzisi, stilisti, sürücüsü, alimi, yazıçısı, siyasətçisi kişilərdir, yoxsa qadınlar?
Ritorik suallar:
Bəs qadın filosoflardan kimləri tanıyırıq? Daha dəqiq, onlar niyə tanınmır? O zamanlarda cəmiyyətdəki qadın basqıları rol oynayırdı? Əgər belədirsə, susqun, cəsarətsiz qadınları başa düşmək olar, bəs filosof ola bilənlər? Bəs azadlıq qazana bilənlər? Onlar niyə məşhurlaşa, yaxud daha ciddi, kişi filosoflarla müqayisədə daha ciddi filosof ola bilmədilər?
Bəlkə, doğrudan da burada təbiət, genetika, beyinin düşünmə mərkəzləri rol oynayır?!
Niyə hansısa bir qadın filosof Sokratın yarısı qədər ciddi qəbul olunmadı? Niyə hansısa qadın filosof Platonun yarısı ola bilmədi?
Axı heç olmasa, bir neçə də yox, bircə nəfər də qadın ola bilərdi…
Sözsüz, fəlsəfə tarixində əslində, bir neçə maraqlı, ciddiyə alına biləcək qadın filosoflar olub.
Məsələn, ölümü ilə məşhurlaşan, dini mövqeyinə görə tonqala atılan Marguerite Porete.
Daha çox mistik düşüncəyə sahib olan bu qadın filosofun fikirlərinin meyarı azadlıq idi. Deyilənə görə, edamına səbəb də “Çılpaq ruhun güzgüsü” adlı əsərində dediyi fikirlərdir. O, bu kitabda insan ruhunun tamamilə azad olmasını deyir və ilk olaraq da kilsəyə olan bağlılıqdan xilas olmağı bildirir.
Əlbəttə, mahiyyətini indi tamamilə itirmiş bu fikirlər Orta Əsrlər üçün önəmli idi. Amma bu da maraqlıdır. Bəs necə olur, kişi filosofların, konkret desək, elə Antik Yunan filosoflarının min illər əvvəl dediyi fikirlər bu gün də aktual olur, Orta Əsrlərdə filosof olan qadının fikri bir bir neçə əsr sonra məhv?!
Sözsüz, bütün hallarda istənilən dövrdə qadınlara qarşını basqını gözardı etmək olmaz, edilmir də.
Orta Əsrlərin qadın filosoflarında olan Christine De Pizan da eyni məsələdən əziyyət çəkirdi. O, özünü təsdiq etmiş bir qadın olsa da, onun dul olması, toplum içində basqıya məruz qalmasına səbəb olurdu.
Yaxud da, platonçu ənənənin davamçısı hesab olunan qadın filosof Tulliya Daraqona. Fikirləri adətən, eşq üzərinə olan bu qadın filosof olsa da, dövründə daha çox fahişə, cadügər kimi təqdim olunurdu.
Fəqət basqıdan söhbət gedirsə və məsələ fəlsəfədirsə, banisi Sokratdan buyana kişi filosofların da necə edamlara düçar olması, sıxışdırılması bəllidir.
Guya kişilər azad oldu, onlara heç kim heç nə demədi, bircə qadınlaramı dedi?
Bəs edam olunan, zəhər içdirilən, öldürülən kişi filosofların basqılarını kimin ayağına yazaq?
İstənilən dövr qadın filosoflarına nəzər yetirəndə diqqət çəkən bir məqam da olur:
Bu qadın filosoflar birbaşa və ya dolayı şəkildə fəlsəfəyə yox, daha çox feminizmə meyillənirlər. Yəni, qadın filosoflar da həqiqi filosofluq uğrunda yox, sanki kişiylə dalaşmaq uğrunda yaşayıblar. Bu isə elə fəlsəfə prinsiplərə ziddir, həqiqi mahiyyətin məişətə gətirilməsidir.
Buna bariz nümunələrdən biri də, intibah dövrünün qadın və kişi bərabərliyindən danışan filosof Marie Le Jars de Gournaydır. Onun “Kişilərin və qadınların bərabərliyi haqqında” əsəri də var. Doğrudur, qadın filosof hər iki cinsin daha çox ruhən bağlı olduğunu bildirib, lakin kişilərin hökmranlığına qarşı tənqidi fikirləri, ümumən kişilər qarşı olduğu da gizli deyildir.
Daha da maraqlı bir məqam (qadınlar tərəfindən çox da qəbul olunmayan) qadın filosofların böyük əksəriyyətinin, hətta ümumiləşdirib elə hamısının kişi filosoflardan təsirləndiyi demək olar. (Daha çox Sokrat və Platondan)
O cümlədən, bir çox qadın filosoflara təsir edən bir kişi filosofun da Dekart olduğunu demək olar.
Başqa bir misal:
Qadın filosof olan Marqaret Kevendişin bir çox fikirləri aşkar təsirlənmələrdir. Məsələn, onun yeganə müstəqil varlığın Tanrı olduğunu deməsi və Tanrının insanlar tərəfindən dərk edilə bilməsinin mümkün ola bilməcəyi barədə ümumi fikirləri, eyni zamanda kişi filosoflar olan Fales, Ksenofanesin fikirləri ilə eynilik təşkil edir.
Daha çox filosof yox, feminist olan bir qadın da Mary Wollstonecraftdır. O da fəlsəfə ilə yanaşı qadın haqları məsələlərinə üstünlük verib, əsərlər yazıb. Feminizmə aid ilk sistematik əsər hesab olunan “Qadın haqlarının müdafiə olunması” romanı da ona aiddir.
Bir sözlə, siyahını xeyli uzatmaq olar, amma mahiyyət dəyişmir.
Müasir dövrdə də gedən bu müzakirələrin haqq payı olsa da, tam razılaşmaq olmur. Bu gün dövr də imkan verir ki, əksər qadınlar son dərəcə azadlıq əldə edə bilsin və elə edir də. Təhsil alır, ən ciddi yerlərə gedə bilirlər. (sayları çox az olsa da)
Bu gün kifayət qədər azad olan qadın yazarlar, siyasətçilər var. Amma nədənsə, onlar yenə də bu cür məsələlərdə kişilərdən geridə görsənirlər.
Bu məqamda ritorik suallar yenə baş qaldırır:
Bəs niyə?
Digərlərini başa düşdük, azad ola bilən qadınları niyə kişilərdən öndə görmək olmur?
Bəlkə də, filosof qadınlar haqqında ən yaxşı bu cür danışmaq olar:
“Tarixdə qadın filosoflar çox olub. Onlara misal olaraq Hipatiya, Asklepigeniya, Areta kimi qadın filosofları qeyd qeyd etmək. Hətta o qadınlar Sokrat, Platon kimi kişi filosoflar tərəfindən də biliniblər.”
(Bir növ kölgədə qalmaq kimi)
Yaxud da, Platonun “Yaxşı ki, azad yarandım, qul yox. Yaxşı ki, kişi yarandım, qadın yox” fikrini ikibaşlı yozmaq olar.
Görünür, qadın təbiəti məhz bu cür bir intellektual zəka tələb edən, həyat tərzi olan fəlsəfəni tam dərk etmir. Həyatın ağır düşüncə tələb edən tərəfində belə onları hər zaman məişət məsələləri narahat edə bilir.
Yox, belə deyilsə, ritorik sualların cavabı nədir?!
Orxan Saffari