“Su problemindən ən çox qadınlar əziyyət çəkir”  - Yenilənib

“Dünyada təmiz suya əlçatanlıq böyük problemdir. Bu problemdən də ən çox qadınlar əziyyət çəkir”.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, sudan səmərəli istifadə yalnız qadınlara məxsus bir hal deyil: “Bu bərabərsizliyi aradan qaldırmaq niyyətindəyik. Ölkəmizdə təmiz suya əlçatanlığın artması üçün bir sıra işlər görülür. Bu, çox vacib ictimai məsələdir. Ailədə suyun əsas tənzimləyicisi olan qadınlar artıq dövlət qurumlarında suyun idarə edilməsində və bu haqda qərar verilməsində daha aktiv iştirak edirlər. Məqsədimiz bütün vətəndaşların su ehtiyatlarından bərabər faydalanmasıdır”.

***

“Su həyat mənbəyidir və onun ədalətli şəkildə paylanılması da xüsusi əhəmiyyət kəsb edir. Keçmiş zamanlarda suya ehtiyacı ödəmək, onu toplamaq, səmərəli istifadə etmək daha çox qadınların üzərinə düşüb:”.

Bunu konfransda iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Bahar Muradova deyib.

O bildirib ki, qadınların su resurslarının idarə olunmasına cəlb edilməsi ümumi işə müsbət təsir göstərə bilər: “Bunun üçün xüsusi proqramlar hazırlanıb işlənilməlidir. Biz gender yanaşmaları əsas götürülən mütəxəssis hazırlığından danışmalıyıq. Elmi-tədqiqat işlərində də gender bərabərliyinin təmin edilməsi vacib əhəmiyyət daşıyır”.

 

 

Gununsesi.info