
Dünyanın ən məşhur reperlərindən biri olan 51 yaşlı Eminem Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəklədiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kamala Harrisi prezident kimi dəstəklədiyini açıqlayan Eminem doğulduğu Detroitdə keçirilən tədbirdə ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə görüşüb.
Eminemin Harrisi dəstəkləməsi təəccüblü deyil. Məşhur reper 2020-ci ildə “Lose Yourself” mahnısının yer aldığı kampaniya reklamı ilə Co Bayden-Harrisi dəstəklədiyini açıqlamışdı.
Reper keçmiş prezident Donald Trampı da sərt tənqid etmişdir.
Eminem səhnədə Obamanı tərifləyib. O, bu seçkinin demokratiyanın gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu ifadə edərək Obamanı təqdim edib. Obama səhnəyə çıxaraq Eminemin “Lose Yourself” (Özünü itirmək) mahnısından bəzi hissələri oxuyub.
Harrisi dəstəklədiyini açıqlayan məşhur adlar arasında Taylor Swift, Beyonce, Cher, Olivia Rodrigo, John Legend, Cardi B, Kesha, Billie Eilish, Chappell Roan, Bruce Springsteen və Neil Young da var.
“New York Post” qəzetinin yazdığına görə, bu görüş ABŞ-ın keçmiş prezidenti Donald Trampı qəzəbləndirib, o, Obamanın Şimali Karolina ştatının Qrinsboro şəhərində keçirilən mitinqdəki çıxışında Harrisi dəstəkləməsinə sərt reaksiya verib.
Günel Həsənova