
Çexiyadakı Krkonoşe dağlarında iki səyahətçi qayaların arasında qalmış qızıl bilərziklər, yüzlərlə sikkələr və digər qədim artefaktların olduğu sirli qutu tapıblar.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çexiyanın şərqindəki Krkonoşe dağlarında iki nəfər alüminium qutunun qayalı yamacdan çıxdığını görüblər. Qutunun içərisində olanlar hamını təəccübləndirib: qızıl bilərziklər, siqar qutuları, makiyaj güzgüləri və yüzlərlə köhnə sikkələr.
Səyahətçilər tapdıqları qutunu Şərqi Bohemiya Muzeyinə çatdırıblar. Mütəxəssislər əşyaların tarixini, həmçinin onları kimin və niyə gizlətdiyini araşdırır.
Muzeyin arxeologiya şöbəsinin müdiri Miroslav Novakın sözlərinə görə, qutuda olan pulların heç biri Çexiyaya aid deyil. Bu, xəzinənin yerli deyil, beynəlxalq tarixə malik olması ehtimalını artırır.
Ən yeni sikkənin 1921-ci ilə aid olması tədqiqatçıları daha da təəccübləndirib. Kolleksiyanın II Dünya Müharibəsindən əvvəl bölgədən qaçan yəhudi və ya çex vətəndaşlarına aid ola biləcəyi düşünülür. Digər ehtimal isə 1945-ci ildə alman mühacirəti zamanı gizlənmiş olması.
Mütəxəssislər bildirirlər ki, bu kəşf təkcə tarixi deyil, həm də mədəni əlaqələr baxımından böyük dəyərə malikdir.
Günel Həsənova