Çində kimya fabrikində partlayış

Çinin Veyfan şəhərində kimya fabrikində partlayış olub. Partlayışın 7 kilometr uzaqda hiss olunduğu iddia edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çinin şərqindəki Şandunq əyalətində kimya fabrikində güclü partlayış baş verib. Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik açıqlama verilmir.

Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, partlayış bu gün yerli vaxtla günorta saatlarında baş verib. Partlayışın baş verdiyi ərazidən qara tüstünün qalxdığı görülüb. Partlayış o qədər güclü olub ki, fabrikdən 3 kilometr aralıda yerləşən anbarın şüşələri uçub.

Ərazidə yaşayan və adının açıqlanmasını istəməyən şəxs partlayışdan evinin də silkələndiyini bildirib. Kişi nə baş verdiyini görmək üçün pəncərəyə tərəf getdiyini və 7 kilometr aralıda olan zavod ərazisindən qara tüstünün qalxdığını gördüyünü deyib.

Bildirilib ki, sözügedən fabrikdə kənd təsərrüfatı kimyəvi maddələrlə yanaşı, tibbi istifadə üçün kimyəvi maddələr də istehsal edilib. Rəsmi məlumatlara görə, fabrikdə 500-dən çox insan çalışır.

 

Orxan

Gununsesi.info