
Alimlər herpes virusu ilə Alzheimer arasında əlaqənin ola biləcəyini aşkar ediblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yeni bir araşdırma, xalq arasında “soyuqdəymə virusu” kimi tanınan herpes simplex virusu tip 1 (HSV-1) ilə Alzheimer xəstəliyi arasında əlaqənin ola biləcəyini göstərir. Bu fərziyyə tamamilə yeni deyil; Lakin son araşdırma bu mümkün əlaqə ilə bağlı bu günə qədər ən çox məlumatı araşdırdı və bəzi təəccüblü nəticələrə gəldi.
HSV-1 NƏDİR?
HSV-1 sinir hüceyrələrini yoluxdura bilən neyrotrop virus kimi tanınır. Adətən ağız və dodaq ətrafında soyuq yaralara səbəb olan bu virus Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 50 yaşdan aşağı dünya əhalisinin üçdə ikisindən çoxunda müşahidə olunur.
İlkin infeksiya adətən qızdırma, baş ağrısı və əzələ ağrıları kimi simptomlarla özünü göstərir. Daha sonra virus sinir sisteminə yerləşir və hərəkətsiz qalır və stress və ya xəstəlik kimi vəziyyətlərdə yenidən aktivləşərək soyuqdəymə kimi əlamətlərə səbəb ola bilir.
BMJ Open jurnalında dərc edilən araşdırmada 2006-2021-ci illər arasında ABŞ-da Alzheimer diaqnozu qoyulmuş 340.000-dən çox insan araşdırılıb. Bu şəxslər yaş, coğrafi bölgə və meyarlara görə Alzheimer diaqnozu qoyulmamış oxşar şəxslərlə müqayisə edilərək təhlil edilib.
Tapıntılara görə, Alzheimer xəstələrinin 0,44 faizində daha əvvəl HSV-1 diaqnozu qoyulub. Nəzarət qrupunda bu nisbət yüzdə 0,24 olaraq qeyd edildi.
Bu, HSV-1 daşıyan şəxslərin Alzheimer xəstəliyinə tutulma riskinin 80 faiz artdığını göstərir. Lakin bu risk nisbi artımdır.
Daha da təəccüblü bir tapıntı HSV-1 diaqnozu qoyulmuş və antiviral dərmanlarla müalicə olunan şəxslərdə Alzheimer xəstəliyinə tutulma riskinin 17 faiz aşağı olması idi.
Əvvəlki bəzi tədqiqatlar Alzheimer xəstələrinin beyin toxumasında HSV-1 DNT-ni tapıb. Bundan əlavə, laboratoriya tədqiqatları göstərdi ki, HSV-1 beyindəki sinir hüceyrələrində Alzheimer xəstəliyinə xas olan amiloid-beta lövhələrinin əmələ gəlməsinə səbəb ola bilər.
Bu məlumatlar virusun yenidən aktivləşməsinin beyində iltihaba və ya zədələnməyə səbəb ola biləcəyi, Alzheimer riskini artıra biləcəyi nəzəriyyələrinə qapı açır.
Bununla belə, ekspertlər vurğulayırlar ki, bu cür tədqiqatlar səbəb-nəticə əlaqəsi yaratmır, yalnız əlaqə və ya sinxronluq göstərir.
Orxan