
Tbilisidə Azərbaycanın Müstəqillik Gününə həsr olunan rəsmi qəbul keçirilib.
Gununsesi.info xəbər verir ki, Azərbaycanın qonşu ölkədəki səfirliyinin təşkil etdiyi tədbirə Gürcüstanın hökumət rəsmiləri, parlament üzvləri, diplomatik korpusun əməkdaşları, tanınmış ictimai-siyasi xadimlər, azərbaycanlı icmanın təmsilçiləri, gənclər və iş adamları qatılıblar.
Mərasimdə təqdim olunan Azərbaycan mədəniyyətini əks etdirən guşə tədbir iştirakçılarının marağına səbəb olub.
Mərasim Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra 28 May – Müstəqillik Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünün Tbilisidə qeyd olunmasının rəmzi məna daşıdığını bildirib. O, 1918-ci ilin mayın 28-də Azərbaycanın istiqlaliyyət bəyannaməsinin məhz Gürcüstan paytaxtında qəbul edildiyini, həmin günün böyük hadisə kimi tarixə düşdüyünü vurğulayıb.
Azərbaycan-Gürücüstan münasibətlərinə də toxunan səfirin sözlərinə görə, ölkələr arasında tarixi dostluq, qardaşlıq, mehriban qonşuluğa və qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlıq yüksək səviyyədə inkişaf etdirilir. O, iki ölkənin birgə həyata keçirdiyi regional layihələrin bölgə və daha geniş coğrafiya üçün əhəmiyyətindən də söz açıb.
F.Quliyev qeyd edib ki, müsəqillik Azərbaycanın böyük dəyəri və sərvətidir, onun qorunub saxlanılması əsas vəzifəmizdir. O, Azərbaycanın dünyada müstəqil siyasət yürüdən nadir dövlətlərdən biri olduğunu əlavə edib.
Daha sonra çıxış edən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.
Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı təqdim olunub. Proqramda Marneulidən olan ifaçı Şaban Məmmədov və Tbilisidən olan tar ifaçısı Ramin Pirməmmədov yer alıb. Qonaqlar, həmçinin Azərbaycan milli mətbəxinin nümunələrini dadmaq imkanı əldə ediblər.