
Gəncə şəhərində küçə və prospektlərdə quraşdırılmış, eləcə də avtobus dayanacaqlarındakı pavilyonların üzərinə yerləşdirilmiş şəhid lövhələrinin yığışdırılması cəmiyyətdə ciddi narazılıq yaradıb.
Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər geniş rezonans doğurub. Vətəndaşlar bu prosesin qəfil və səbəbsiz aparılmasından narahat olduqlarını bildirirlər.
Onların sözlərinə görə, şəhidlərin rəsmlərinin göz önündən götürülməsi qəbuledilməzdir. Məsələ xüsusilə sosial mediada geniş müzakirə olunur – bir çox istifadəçi bu addımı tənqid edərək “şəhidə sayğısızlıq” kimi dəyərləndirib.
Mövzu ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə (İH) ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, sözügedən işlər şəhid ailələrinin razılığı ilə həyata keçirilir.
“Hər birimizə məlumdur ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulur. Respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir.
Nəzərinizə çatdırmaq istəyirik ki, Gəncə şəhərinin müxtəlif ərazilərində olan şəhid lövhələri onların ailələrinin və yaxınlarının öz təşəbbüsü ilə quraşdırılmışdır. Lakin üstündən müddət ötdükcə həmin şəkillər yağıntıların və digər təbiət hadisələrinin təsirinə məruz qalaraq, tamamilə yararsız hala düşmüş, orijinal görkəmini itirmişdir. Qeyd edilənlər nəzərə alınaraq, şəhərin müxtəlif ərazilərində olan şəhid lövhələrinin şəhid ailələrinin razılığı ilə yığışdırılması qərara alınmışdır.
Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində bir neçə ünvanda, o cümlədən “İstiqlal” parkında şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Memorial Abidə Kompleksi inşa edilmiş, lövhələr quraşdırılmış, eyni zamanda “gencesehidleri.az” saytı hazırlanaraq istifadəyə verilmişdir” – Gəncə Şəhər İcra Hakimiyyəti bildirib.