
Xəbər verdiyimiz kimi, ABŞ və Aİ-nin terrorçu qrup saydığı HƏMAS lideri Yəhya Sinvar öldürülüb.
Gununsesi.info xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Kats oktyabrın 17-də Sinvar Qəzza zolağında hərbi əməliyyat zamanı qətlə yetirildiyini bildirib. Lakin HƏMAS bu xəbəri şərh etməyib.
Bəs Yəhya Sinvar kim idi?
62 yaşında qətlə yetirilən Yəhya Sinvarın, 2023-cü il oktyabrın 7-də İsrailə qarşı insan ölümləri ilə nəticələnən hücumun memarı olduğu da deyilir.
Deyilənlərə görə, misli görünməmiş bu hücum İsrailin Fələstin anklavında hazırda davam edən qızğın müharibəni təhrik edib.
Yəhya Sinvar barəsində “AzadlıqRadiosunun” əməkdaşı Kian Şərifi belə yazır:
“Sinvar HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyə iyulun 31-də Tehranda şübhəli İsrail zərbəsi ilə qətlə yetiriləndən az müddət sonra qrupun əsas lideri olub.”
Bildiririk ki, o zamanlar HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam briqadaları”nın başçısı Sinvar Qətərdə yaşayan Haniyənin yerini tutacaq əsas favorit lider sayılmırdı.
Lakin HƏMAS-ın keçmiş siyasi rəhbəri olan Xalid Maşal və tanınmış simalarından biri Xəlil əl-Həyya əsas favoritlər arasında idi.
HƏMAS-ın siyasi lideri adətən, xaricdə yaşayır, İran və “Hizbullah” kimi regional müttəfiqlərlə təmaslardan ötrü səyahət edir.
Qətlə yetirilən Yəhya Sinvarın isə Qəzzada olduğu bildirilirdi.
Qeyd edək ki, ekspertlərə görə, Sinvarın təyin edilməsinin əsas səbəbi onun qrupa maddi və hərbi dəstək göstərən İranla yaxın əlaqələri olub.
Onu da vurğulayaq ki, tərəfdarları onu “Əbu İbrahim” kimi də tanıyırdı.
Xan Yunis şəhərindəki qaçqın düşərgəsində doğulan Yəhyanın, Haniyənin valideynləri kimi, onun da valideynləri 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı yaşadıqları dənizkənarı Aşkelon şəhərini tərk ediblər.
HƏMAS 1987-ci ildə yaranandan az müddət sonra Sinvar qrupa qoşulub və onun “əl-Məcd” adında qorxulu daxili təhlükəsizlik təşkilatını qurub.
Onun əsas məqsədlərindən biri də qrupdaxili israilli casusları aşkarlamaq olub. O, bu missiyada xüsusi zorakılıqla tanınıb, məhz buna görə “Xan Yunis qəssabı” ləqəbi də qazanıb.
İsrail qüvvələri tərəfindən ələ keçirilən Sinvar müxtəlif cinayətlərə, o cümlədən iki israilli hərbçinin öldürülməsinə görə bir neçə dəfə ömürlük həbs cəzası alıb və 20 ildən çox həbsxanalarda ömür keçirib.
Lakin o, burada da dinc dayanmayıb. Belə ki, orada olarkən dustaqların iş şəraitini yaxşılaşdırmaq üçün tətillər təşkil edib və həbsdə olan fələstinlilər arasında da liderə çevrilib.
Bəs o, necə azad edilmişdi?
Belə ki, Sinvar 2011-ci ildə HƏMAS tərəfindən saxlanılan bir israilli hərbçinin mindən çox fələstinliyə dəyişdirilməsi zamanı həbsxanadan buraxılıb.
Azadlığa çıxandan bir müddət sonra Haniyəni Tehrana müşayiət edən Sinvar orada bu ölkənin Ali dini lideri Əli Xamenei ilə tanış olduğu deyilir.