
Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarın Qəzza zolağında öldürüldüyü bildirilir. İsrail tərəfindən xəbər təsdiqlənsə də, HƏMAS hərəkatından hələ məlumat təsdiqlənməyib.
İsrail ordusunun Cəbəliyyə qaçqın düşərgəsinə hava zərbəsi endirməsi nəticəsində azı 22 nəfər ölüb, onlarla insan yaralanıb. BBC xəbər verir ki, yaralananlar əsasən qadınlar və uşaqlardır. Ölənlər arasında HƏMAS liderinin də olduğu bildirilir.
İsrail tərəfi deyir ki, məktəb binası olan ərazi HƏMAS-ın komanda mərkəzi kimi istifadə olunub, HƏMAS isə bunu inkar edir.
Cəbəliyyədəki Kamal Advan xəstəxanasının həkimlərindən Hossam Abu Safiyah BBC-yə deyib ki, tibb müəssisəsi kiçik olduğundan təcili yardım şöbəsi bütün xəstələri qəbul edə bilmir.
O, xəstəxana işçilərinin “stress, qorxu və hər yerdə partlayış səsi ilə” işlədiyini, dərman, tibbi ləvazimat, avadanlıq və personalın olmadığını söyləyib.