Günəş Sistemində kəşf: - Süd Yolunun cazibə qüvvəsi spiral quruluş yaradır

ABŞ-ın Cənub-Qərb Tədqiqat İnstitutundan astronom David Nesvorny-nin rəhbərlik etdiyi qrup tərəfindən aparılan araşdırmada NASA-nın Pleiades Superkompüterindən istifadə edərək Günəş sisteminin 4,6 milyard illik təkamülü simulyasiya edilib. Alimlər Oort Buludunda indiyədək naməlum spiral quruluş aşkar ediblər. Yeni kompüter simulyasiyası Süd Yolunun cazibə qüvvəsinin daxili Oort Buludunda nəhəng spiral yaratdığını göstərdi.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Oort buludu Günəş sisteminin ən uzaq bölgəsi kimi tanınır və Günəşdən 100 min astronomik vahidə (AU) qədər uzanan buzlu qayalardan ibarətdir. Alimlər uzun illər Oort buludunun xarici hissəsinin sferik, daxili hissəsinin isə halqavari olduğunu düşünürdülər. Ancaq yeni simulyasiyalar bu daxili quruluşun əslində spiral şəklində olduğunu ortaya qoydu.

Araşdırmaya görə, Süd Yolunun cazibə qüvvələri Oort buludunun daxili hissəsində diametri 15 min AU olan spiral quruluş yaradır. Bu quruluş Günəş sisteminin ilk dövrlərində yaranıb və günümüzə qədər gəlib çatıb. Alimlər bildirirlər ki, bu yeni kəşf Oort Buludunun əmələ gəlməsi və təkamülü ilə bağlı mühüm ipuçları verir.

Bu kəşf Günəş sisteminin formalaşması prosesi ilə bağlı naməlum məsələlərin həlli istiqamətində böyük addım hesab olunur.

Orxan

Gununsesi.info