
Son günlər havaların qarlı-şaxtalı keçməsi özü ilə yeni problemlər də gətirib.
Dünən və bu gün yayılan məlumatlara görə, səfil həyat tərzi keçirən insanların bir neçəsinin öldüyü bildirilir.
Onların ölümünə səbəb kimi həm də spirt qəbul etməkləri göstərilir.
Bütün bunların fonunda isə insanların xüsusi ilə belə havalarda “Niyə kimsəsiz insanlar üçün sığınacaq yoxdur?” sualı ilə etirazları müşahidə olunur.
Maraqlıdır, bu məsələlər dövlət tərəfindən necə tənzimlənir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Gununsesi.info-ya verilən açıqlamaya görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir.
Bildirilir ki, çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər.
Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.
Nazirlikdən verilən məlumata görə, son günlərdə müəssisəyə 5 müraciət qeydə alınıb.
Hazırda müəssisənin müxtəlif şöbələrində ümumilikdə 78 nəfərə xidmət göstərilir.
Onlardan 46-sı kişi, 32-si qadındır.
Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya “DOST” mərkəzləri vasitəsilə aparılır.
Həmçinin vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də Agentliyin sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər.
Orxan Saffari