Xalqın qan yaddaşı

Xocalıya səfər edərək, yenidən qurulan mənzillərin açarlarını sakinlərə təqdim etdi. İlk mərhələdə 20 ailə (81 nəfər) Xocalıya köçüb, ertəsi gün isə daha 24 ailə (88 nəfər) şəhərə yerləşib. Ümumilikdə, 44 ailə (169 nəfər) Xocalıya qayıdıb və bu proses davam edir.

Şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılıb. 140 fərdi yaşayış evi, 48 kottec tipli ev və 9 binadan ibarət 110 mənzil tikilib və təmir edilib. Bununla yanaşı, məktəb, uşaq bağçası, bazar yeri, iaşə obyektləri və idman kompleksi kimi infrastruktur obyektləri də inşa edilib. Şəhərin giriş hissəsində bulvar ərazisi salınıb və sakinlərin istifadəsinə verilib.

Xocalı şəhərində həyata keçirilən bu tədbirlər və sakinlərin qayıdışı, Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təmin edilməsi istiqamətində atılan mühüm addımlardır.

Beynəlxalq İctimaiyyətin Məsuliyyəti Xocalı faciəsinin dünya səviyyəsində tam şəkildə tanınması, beynəlxalq hüquq müstəvisində ona adekvat qiymətin verilməsi təkcə Azərbaycanın deyil, ümumilikdə bəşəriyyətin borcudur. Holokost, Ruanda, Bosniya soyqırımları kimi tarixi cinayətlərə verilən qiymət, beynəlxalq ədalət mexanizmlərinin Xocalı qurbanları üçün də tətbiq olunmasını zəruri edir. “Xocalıya Ədalət” kampaniyası bu istiqamətdə mühüm rola malikdir və dünya ictimaiyyətini bu məsələyə daha dərindən yanaşmağa səsləyir.

“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır və heç vaxt unudulmayacaq. Dövlətimizin güclənməsi, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Xocalı şəhidlərinin ruhuna ehtiramın təzahürüdür. Tarixi ədalətin tam bərqərar olması üçün Azərbaycan dövləti və xalqı Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini davam etdirməkdə qərarlıdır.

 

 

Məşhur Məmmədov

Milli Məclisin deputatı