Makron: Putinlə əməkdaşlıq üçün ciddi səbəblər var

Beyaz Sarayda ABŞ Prezidenti Donald Trampla görüşdən sonra Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Vladimir Putinlə əməkdaşlığın bərpası üçün “ciddi səbəb” var.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

“Buçi və onun hərbi cinayətlərindən sonra Putinlə əlaqələrimi kəsdim, amma indi ABŞ-da yeni bir reallıq və yeni administrasiya var — bu müzakirə faydalı ola bilər”, – deyə Makron jurnalistlərə açıqlama verib.

O, Ukrayna ilə bağlı tezliklə razılaşma əldə edilməsinin vacibliyini vurğulayıb və bildirib ki, sülh “çox həssas olmamalıdır”.

“Bu sülh Ukraynanın təslim olması və ya atəşkəsə gedilməsi demək olmamalıdır, o, Ukraynanın suverenliyini qorumağı və öz maraqları ilə bağlı digər tərəflərlə danışıqlar aparma hüququnu təmin etməlidir”, – deyə o qeyd edib.

Makronun sözlərinə görə, Avropa İttifaqı və digər ölkələr sülh müqaviləsi imzalanandan sonra Ukraynaya qoşun göndərməyə hazırdır.

“Qısa müddətdə kifayət qədər zəmanətlərin təmin olunması üçün biz buradayıq. Bir çox Avropa həmkarım da qoşulmağa hazırdır”, – deyə o əlavə edib.

Bundan əlavə, Makron bildirib ki, Rusiya müharibəyə cəlb olunan hər kəsə kompensasiya ödəməlidir və onun dondurulmuş aktivləri danışıqların bir hissəsi olmalıdır.

“Bu müharibə bizə çox pula başa gəldi. Bunun məsuliyyəti Rusiyanın üzərindədir. Çünki aqressor Rusiya olub. İlk növbədə kompensasiya Ukraynaya ödənilməlidir, çünki Rusiya onun şəhərlərini dağıdıb və insanları öldürüb. İkinci növbədə isə Ukraynanın müdafiəsinə kömək edən ölkələr kompensasiya ala bilər”, – deyə Makron açıqlama verib.

O, əlavə edib ki, əgər Rusiya gələcəkdəki sülh müqaviləsini pozarsa, o, danışıqlara qatılan bütün ölkələrlə qarşıdurmaya daxil olacaq.

“Yalnız güclü olmaq və məhdudlaşdırma qabiliyyətinə sahib olmaq, razılaşmanın həyata keçirilməsini təmin etməyin yeganə yoludur. Mən hesab edirəm ki, ABŞ-da bunun üçün imkanlar mövcuddur”, – deyə o bildirib.

 Trump isə öz növbəsində bildirib ki, Putinin potensial sülh razılaşması əldə edildikdən sonra Avropadan gələn sülhməramlıların Ukraynaya göndərilməsinə qarşı çıxmayacaq.

Şəbnəm

Gununsesi.info