
“Avropa Şurası kimi Avropanın siyasi coğrafiyasını özündə birləşdirən üzvlük əsaslı bir təşkilatla indiki halda Avropa Şurasının xeyrinə əsaslara malik münaqişəli durum Azərbaycana müsbət perspektiv vəd etmir. Bu böhran ölkənin imicinin ciddi zədələməyə davam edərək dialoq əsaslı vacib platformanın işindən kənarda qalmış Rusiya və Belarusun yanında yer almasına imkan yaratmış olacaq. Avropa Şurası Nazirlər Komitəsindəki müzakirələrdən, eləcə də AŞPA deputatlarının sessiyadakı çıxışlarındakı bəyanatlardan aydın olur ki, qurum Azərbaycanın nümayəndə heyətinin mandatının təsdiq edilməsi və AŞPA-nın işinə tam geri dönməsində maraqlıdır” .
Bunu Gununsesi.info-ya açıqlamasında AŞ PA-da Azərbaycanla bağlı son müzakirələri şərh edən hüquq müdafiəçisi Fuad Həsənov deyib.
Onun sözlərinə görə, bunun üçün Azərbaycan tərəfindən də bır sıra ardıcıl zəruri addımların atılması vacibdir.
“Bu müsbət dinamika Avropa Şurası qarşısında götürülmüş qanuni öhdəliklərin yerinə yetirilməsi üzrə əməkdaşlığa sadiqlik barədə Azərbaycanın xoş niyyətli siyasi bəyanatı ilə canlana, zəruri müsbət addımların atılması üçün əlverişli zəmin yarana bilər. Növbəti addım 76 AŞPA üzvünün arzuolunmaz şəxs elan edilməsi üzrə qərarın ləğvi, hələ keçən ildən İşgəncələr Əleyhinə Komitə ilə dayandırılmış əməkdaşlığın bərpası, siyasi məhbus probleminin səmərəli həlli üzrə nəticə əsaslı sağlam dialoqun həyata keçirilməsi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin mandatının sinxron qaydada təsdiq edilməsi ola bilər”.
Naqif Həmzəyev:” AŞ PA ilə dialoq müstəvisində danışa bilərik ”
Milli Məclisin YAP-dan olan deputatı Naqif Həmzəyev də bildirir ki, AŞ PA bir sıra dövlətlərin əlində alətə çevrilməsə bizə qarşı münasibət dəyişər: “Fransa, Almaniya kimi iri dövlətlər özlərini bu qurumun sahibi kimi aparır və digər üzv dövlətlərə təsir edirlər. Halbuki, Avropa Şurasında olan hər bir ölkə eyni hüquqludur. Birinci növbədə buna önəm verilməlidir.
Sevindirici haldır ki, bu reallığı son zamanlar dərk edənlər var. Son sessiyada Azərbaycanla bağlı müzakirələr gündəliyə daxil olanda 34 nəfər bunun əleyhinə çıxdı. Bunlar fərqli ölkələrin təmsilçiləri idi. Onlar da bildirdi ki, Azərbaycan nümayəndə heyətinin üzvləri olmadan bu cür müzakirələr yolverilməzdir. Azərbaycan Avropa Şurasına könüllü daxil olub. Amma bizə elə münasibət sərgilənir ki, üz döndərməkdən başqa çarəmiz qalmır. Azərbaycan prezidenti AŞ PA-ya şərt qoyub. Bu şərtə əməl etməlidirlər. Azərbaycanda hansısa məsələdən narahatdırlarsa, bunu bizlə dialoq platformasında etmək lazımdır. Amma tələb formasında olmamalıdır. Bu cür yanaşmalar münasibətləri pisləşdirir “.
Afət Abbasova
Gununsesi.info