
Xəbər verdiyimiz kimi, artıq VII Çağrış Milli Məclis öz fəaliyyətinə start verib. Yeni formalaşan parlamentin işində diqqət çəkən məqamlardan biri də, müxtəlif inzibati hüquq pozuntularına görə cərimələrin kəskin şəkildə artırılması olmuşdu. Bu barədə Milli Məclisin deputatı Elman Nəsirovla müsahibəmizin birinci hissəsində danışmışdıq. O cümlədən, müsahibədə ABŞ-Azərbaycan arasındakı gərgin münasibətlər və digər siyasi mövzular da müzakirə olunmuşdu.
Gununsesi.info Milli Məclisin YAP-çı deputatı Elman Nəsirovla sözügedən müsahibənin ikinci hissəsini təqdim edir:
– Elman bəy, Ermənistan-Azərbaycanda arasındakı sülh sazişi barədə çox danışılır. Görünən odur ki, ayrı-ayrı ölkələr Azərbaycanı təcili sülh imzalamağa vadar edir. Amma nədənsə, Azərbaycanın tərəddüdləri var. Burada bizi narazı salan məqam nədir?
– Qətiyyən. Cənab Prezidentin mövqeyi prinsipialdır. Bizə tam sülh lazımdır, natamam yox. Sülh müqaviləsini Azərbaycan hazırlayıb, qalib dövlət də bu sülhün olmasında son dərəcə maraqlıdır. Diqqət edin, onların sülh istəyi COP29 öncəsi daha çox aktivləşir. Çünki bunu natamam şəkildə bağlamaq istəyirlər. Bu isə məqsədlidir. İndi sual olunur, Ermənistan niyə belə edir? Qalan şərtləri kimə saxlayır? Gələcək nəsillərəmi? 1905-1906-cı illərdə Azərbaycan-Ermənistan arasında toqquşma yarımçıq oldu, 1918-ci ildə ardı gəldi. 1918-1920-ci illərdə həllini tapmadı, 1948-ci ildə oldu. Yenə həllini tapmadı, 1988-ci ildən başlayaraq təkrar baş verdi. İndi də bu məsələ. Bir sözlə, tamamilə həll olunmalıdır. Sabah Paşinyan hakimiyyətdən gedəndə onun yerinə gələn deyə bilər ki, o, cinayətkar idi, müqavilə tam deyil, tanımırıq. Lap elə Paşinyan özü də deyə bilər. Əgər onların bizə qarşı ərazi iddiası varsa, bu sülh necə imzalana bilər? 2020-ci ilin 10 noyabrında sənəd imzalayıb, 4-cü maddəsini icra etmirdi, Azərbaycan etdirdi. İndi kim cavabdeh duracaq ki, bu gün imzaladığımız yarımçıq müqavilədə də nəsə etməyəcəklər? Azərbaycan dəfələrlə deyib ki, ay Ermənistan, gəl, sülhü həll edək, ATƏT-in Minsk qrupunu buraxaq.
-Siz ümumiyyətlə, ermənilərlə birgəyaşayışın tərəfdarısınızmı? Bu, mümkün olacaq?
-Bəli, ermənilərlə birgəyaşayışımızın tərəfdarıyam. Nə onlar buradan gedəcək, nə biz. Əbədi düşmənlik isə ola bilməz. Bizim coğrafi yaxınlığımız var. Amma Cənab Prezident demişkən, başımıza gətirdikləri faciələri unutmamaq şərti ilə birlikdə yaşaya bilərik.
-ATƏT-dən söz düşmüşkən, demişdilər ki, seçikilər rəqabətsiz keçirilib. İndi siz necə hiss edirsiniz, rəqabətsiz seçildiniz?
-Əgər ATƏT desəydi ki, çox demokratik seçkilər keçdi, mən yenə də təəccüblənib deyərdim ki, görəsən, onun mövqeyində nə baş verib? ATƏT bu illər ərzində hər şeyi görmüşdü, amma o da Ermənistana qarşı heç bir təzyiq etməmişdi. Demək, 2012-ci ildə ABŞ-da Prezident seçkiləri zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Texasa getmişdi. Onları da bilirsiniz, işləri-gücləri Azərbaycana hazır bəyanatla gəlməkdir. Əl-qərəz, bunlar Texas ştatına gedəndə, Texasın Prokuroru deyib ki, seçki qutusuna 30 metrdən çox yaxınlaşsanız, sanksiya verib, sizi həbs edəcəyəm. Gedin, işinizlə məşğul olun. Görün, bunlara nə qədər hörmətsizlik edirlər, adam yerinə qoymayırlar, amma ona da baxın ki, bu barədə də olsa bir səsləri çıxırmı?
-Amma seçkilərdə saxtakarlıq faktları da videolarda aydın şəkildə görünürdü. Razılaşırsınızmı?
-Razılaşıram. Seçkilərdə ayrı-ayrı hallarda bu cür hadisələr baş verə bilər. İdeal seçki heç yerdə yoxdur. Harada saxtakarlıq varsa, həmin məntəqə ləğv olur. Bütün məntəqələrdə də saxtakarlıq olası deyil ki.
-Sizin 45 məntəqəniz var idi, neçəsində saxtakarlıq oldu?
-Heç birində olmadı. Şikayət belə yox idi. Seçicilərim məni sevirlər, istəyirlər.
-Elman bəy, Parlamentlə bağlı qıraqdan görünən bir məsələ də var. Məsələn, təxminən beş-altı deputat var ki, hər məsələ də onlar çıxış edir. Elə biri də siz. Bu, niyə belə olur? Digərlərinin susmağındakı səbəb nədir? Hətta deyirlər ki, danışıqlar göstəriş əsasında olur.
-Danışmaq deputatın işidir də. Bu söhbətlər deputatların özlərindən də asılıdır. Bizə tam şərait yaradılıb ki, fikirlərimizi söyləyək. İndi kim danışır, kim danışmır, bu, bir az başqa məsələdir.
-Bəs həmrəylik məsələsi necədir sizdə? Adətən, görürsən ki, məclislərdə dostdurlar, amma məsələn, Eldəniz Səlimovun, Hüseyn Abdullayevin timsalında göründü ki, toxulmazlığı ləğv olunanda hamı əleyhinə səs verir…
-Söhbət dövlət əhəmiyyətli məsələlərdən gedirsə, təəssüf edirsən ki, bu insan kaş onu etməyəydi. Qanun şahdır, əgər tələblərini pozursansa, məsələ dəyişir. Bizdə intizamla bağlı komissiya var, hansısa məsələdə yığışır və obyektiv qərar verir. İndi kimsə qanunsuzluq edəcəksə, biz dostluğu seçək, ya qanunu?!
-Son olaraq, Milli Məclisin deputatı Elman Nəsirov hazırda Azərbaycandakı sosial durumu necə qiymətləndirir? Hər şey yaxşıdırmı, insanların yaşam səviyyəsi necə qiymətləndirirsiniz?
-İqtidar heç zaman deməyib ki, hər şey yaxşıdır. Bizim dövlətimiz sosial dövlətdir və siyasətimizin mərkəzində sosial məsələlər dayanır. Son 5 ildə daim sosial paketlər qəbul edilib və bu, milyonlarla insanı əhatə edib. Bizim büdcəmizdə bu gün birinci sosial, ikinci isə hərbi məsələlər gəlir.
-Konkretləşdirək, sosial vəziyyət yaxşıdır?
-Hər şey müqayisədə müzakirə olunur. Biz Cənubi Qafqazın lider dövlətiyik. Sosial rifahımız qonşu, MDB ölkələri ilə müqayisədə daha yaxşıdır. Yaxınlarda Qazaxıstanda səfərdə idim, özləri də etiraf edirlər ki, bizdə sosial vəziyyət daha yaxşıdır. Cənab Prezident deyir ki, insanların təminatı ilə bağlı məsələlər heç zaman son hədd deyil. 2025-ci ildə pensiyalar filan yenə qalxacaq. Amma hazırda xərclərimiz də çoxdur. Qarabağın, Şərqi Zəngəzurun bərpası var.
Orxan Saffari
Pərviz Həşimli