
Hindistanda 265 nəfərin həyatına son qoyan Air India qəzasından sağ çıxan yeganə şəxs aviasiya tarixində oxşar “möcüzəvi xilasetmələri” gündəmə gətirib. Tarixə düşən bu qəzaların səbəbləri müxtəlifdir. Ancaq onların hamısının ortaq cəhəti odur ki, sağ qalmağı bacaran yalnız bir nəfər var idi…
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, iyunun 12-də Hindistanın Əhmədabad şəhərində baş verən Air India təyyarəsinin qəzası aviasiya tarixində iz qoyan qəzalara yenisini əlavə etdi.
Böyük Britaniyaya uçan təyyarə Sardar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından çıxarkən uçuş zamanı qəzaya uğrayıb.
Yalnız 40 yaşlı Britaniya vətəndaşı Vişvaş Kumar Rameş 242 sərnişinin olduğu təyyarədən qaça bilib. Təyyarədə 11A nömrəli oturacaqda əyləşən şəxs hazırda xəstəxanada müalicə alır.
Böyük bir aviasiya fəlakətindən sağ-salamat xilas olan bu nadir hadisə əvvəllər də baş vermişdi.
Lakin bu cür xilasetmələr hələ də statistik olaraq qeyri-adidir.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının məlumatına görə, 1983-cü ildən 2000-ci ilə qədər təyyarə qəzalarının ümumi sağ qalma səviyyəsi 95 faiz təşkil edib. Ancaq fəlakətli qəzalarda “tək sağ qalma” qeyri-adi bir hadisə olaraq qalır.
Yalnız bir nəfərin sağ qaldığı bəzi təyyarə qəzaları…
1971-ci ildə LANSA Uçuş 508-in Peru üzərində qəzası tarixin ən heyrətamiz sağ qalma hekayələrindən birinə səhnə oldu.
Təyyarə Amazon tropik meşələrinin 10.000 fut hündürlüyündən qəzaya uğrayıb, qəzadan yalnız 17 yaşlı Juliane Koepcke sağ qalıb.
Təyyarə yerə çırpılan zaman Koepcke hələ də oturacağında bağlanmışdı. Gənc qız möcüzə nəticəsində sağ qalıb və kömək tapmaq üçün 11 gün tək gəzib.
Yaralı və səhrada tək qalan Koepcke su mənbələrini təqib edərək yaşayış məntəqəsinə çatmağı bacarıb.
1972-ci ildə JAT Hava Yollarının 367 saylı uçuşunda stüardessa işləyən Vesna Vuloviç bombalı hücumdan sağ çıxa bilib.
Təyyarə partlayış nəticəsində məhv olub və 33.000 futdan (təxminən 10.000 metr) yüksəklikdən yerə çırpılıb.
Belə bir hündürlükdən paraşütsüz düşməsinə baxmayaraq, Vuloviç möcüzə nəticəsində sağ qalıb.
Hadisədən sonra o, Ginnesin Rekordlar Kitabına “ən yüksək hündürlükdən yıxılaraq paraşütdən istifadə etmədən sağ qalan şəxs” kimi qeyd edilib.
1987-ci ilin avqustunda ABŞ-da Northwest Airlines Flight 255-in faciəvi qəzasında təyyarədəki 156 sərnişindən yalnız 4 yaşlı Cecelia Cichan sağ qaldı.
Təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və Cecelia’nın anası, atası və qardaşı da daxil olmaqla göyərtəsində olan 151 nəfərin hamısı və yerdə olan iki nəfər həlak olub.
Cichan qəzadan sonra dağıntılar arasında ağır yaralı halda tapılıb. Bədənində ciddi yanıqlar və çoxsaylı sınıqlar olan kiçik qız sağ qalmaq üçün uzun və çətin müalicə prosesi keçib.
2009-cu ilin iyununda Yəmən Hava Yollarına məxsus 626 saylı reysi Cənubi Afrika ölkəsi Komor adalarının sahillərində Hind okeanına düşüb.
Təyyarədə olan 153 nəfərdən yalnız 12 yaşlı Bahia Bakari sağ qalıb.
Qəzadan sonra xilasedici jiletsiz okeana atılan Bahia məhdud üzgüçülük bacarığına baxmayaraq, saatlarla dənizdə asılı qalaraq sağ qalmağı bacarıb.
Xilasetmə qrupları tərəfindən dənizdə sürüklənən kiçik qız görünüb və möcüzə nəticəsində xilas edilib.
2010-cu ilin may ayında Afriqiyah Airways 771 reysi Liviyanın paytaxtı Tripoliyə enərkən qəzaya uğrayıb. Qəzada təyyarədə olan 104 nəfərdən 103-ü həyatını itirib.
Sağ qalan yeganə şəxs 9 yaşlı hollandiyalı Ruben van Assouw idi. Qəzada Rubenin valideynləri də dünyasını dəyişib.
Ağır yaralarla dağıntılar altından çıxarılan balaca uşaq müalicə altına alınaraq, möcüzəvi xilası ilə bütün dünyanın diqqətini üzərinə çəkib.
Tədqiqatlar göstərdi ki, təyyarənin arxa hissəsindəki koridor oturacaqları sağ qalma ehtimalını artıra bilər.
Popular Mechanics jurnalının 2007-ci ildə apardığı təhlil 1971-2007-ci illər arasında baş vermiş 20 qəzanı araşdırıb.
Tapıntılara görə, təyyarənin arxa üçdə birində olan sərnişinlərin sağ qalma nisbəti öndəkilərdən 40 faiz daha yüksək olub.
Eynilə, Time jurnalı 2015-ci ildə apardığı araşdırmada arxadakı orta oturacaqların (yəni, təyyarənin quyruğuna yaxın və koridordan ən uzaqdakı oturacaqlar) ən yüksək sağ qalma nisbətinin yüzdə 72 olduğunu müəyyən etdi.
Bununla belə, ekspertlər bu məlumatların ümumiləşdirmələri ehtiva etdiyini və hər qəzanın fərqli olduğunu xatırladır.
Beynəlxalq Uçuşların Təhlükəsizliyi Federasiyası (FSF) vurğulayır ki, “ən təhlükəsiz oturacaq” anlayışı kontekstdən və qəzanın necə baş verdiyindən asılı olaraq dəyişir.
Orxan