
Xəbər verdiyimiz kimi, dünən “Millətlər liqası” çərçivəsində oyunlar baş tutub.
Sosial şəbəkədə geniş müzakirə olunan bu oyunlara müxtəlif şərhlər də gəlib.
Gununsesi.info xəbər verir ki, o cümlədən deputat Fazil Mustafa oyunlar, ümumilikdə isə əfsanə futbolçu Ronaldo barəsində fikirlərini bölüşüb.
O, bu barədə deyib:
“Kristiano Ronaldo təkcə əfsanə deyil, həm də xarakterdir. Mən ona ayrıca bir intizam ritualı kimi baxıram. O, təbii tərbiyəyə sahibdir. O sevincdə də, kədərdə də həddini aşmır. Öz sevincinin başqası üçün həsədə, öz kədərinin başqası üçün acıya çevrilməsinə yol vermir. Sahədə öz funksiyasını dəyişən şəraitə görə özü təyin edir və sonadək yerinə yetirməyə çalışır. Dünən qazanılan kubok, bəlkə də, sonunculardandır, ancaq bu adam hansısa formada futbolda qalmalıdır. Hər halda ən uyğunu məşqçi kimi qalmaqdır. Futbolda zərafəti qorumaq üçün bu zəruridir. Gəlmiş-keçmiş ən güclü futbolçu barədə müzakirələr açırlar. Məncə, Ronaldu gəlmiş-keçmiş ən zəruri futbolçudur. Onu izləyən, ona bənzəməyə çalışan hər hansı uşaq böyük futbolçu olmasa belə, hər zaman ədəbli insan olacaqdır”.
Qeyd edək ki, həlledici görüşdə İspaniya Portuqaliya ilə üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qalib aşkarlanmayıb – 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan Portuqaliya millisi 5:3 hesablı qələbə qazanmaqla, ikinci dəfə Millətlər Liqasının qalibi olub.