
Ədəbiyyat tarixində müxtəlif cərəyanlar, formalar mövcuddur. Sözsüz, onların bəziləri, belə demək olarsa, elə ədəbiyyat tarixinə qovuşub. Ancaq necə deyərlər, heç nə itmir, heç nə unudulmur. Tarixə qovuşmaq məsələsi isə belədir: aktuallıq itir. Az qala hər gün yeni bir proses, yeni bir xətt bəzi anlayışları tamamilə köhnəldib unutdurmağa, bəzilərini isə həqiqi klassikaya çevirməyə məhkum edir.
Tarixə qovuşmuş sözügedən cərəyanlardan biri də “Anakreontizm”dir.
Uzun illər, daha dəqiq, qəzet-jurnaldan sosiala keçid başlayandan bu forma lağ-lağıya məruz qalıb, qəbul edilməyib. Söz yox, haradasa haqlı məqamlar, lağ-lağılar da var, ancaq bunun əksərən kor-koranə olmağını demək məcburiyyətindəyik.
Bəs niyə tənqid, niyə lağ-lağı?
Sosial şəbəkələr ədəbiyyata müsbət təsir etdiyi kimi, təbii olaraq mənfi də təsir edir. Çap olunmağın tamamilə azad olduğu, hər kəsin özü-özünü asanlıqla çap edə bilməsi ortaya çıxan adamların da sayını artırır. Belə olanda isə ortaya hələ başlamamış ölən şairlər ordusu, həvəskarlardan ibarət dəstə çıxır. Qarşısı alınmaz bu tendensiya isə bəzən kütləyə də mənfi təsir edir, həqiqi mənzərini görməyə mane olur.
Xüsusi ilə müasir, daha dəqiq, “gənc şair”lər tərəfindən yazılan, bir dövr aktual olan “Şərab qadın” söhbətləri məhz buraya aiddir. Yazılması, düşünülməsi asan olan bu forma, onu yazan adamların timsalında lağ-lağ çevrilir.
Xülasə, “Anakreontizm” xüsusən poeziyada yüngül, lirik, əyləncəli və həyatsevər mövzulara üstünlük verən bir üslub və ya ədəbi istiqamətdir.
Yəni bu, daha çox bir estetik üslubdur.
Tarixi təxminən e.ə 6-cı əsrə dayanır və yunan şairi Anakreontun adından götürülüb.
Anakreontun şeirləri əsasən şərab, sevgi, gözəllik, gənclik və əyləncə kimi mövzuları tərənnüm edirdi. Yəni, bu formanın xətti elə ancaq bu mövzulardan ibarətdir, burada pessimizə qətiyyən yer yoxdur. İstisna hallarda isə bəzən insanın faniliyi, gəncliyin ötəriliyi kimi mövzularda incə melanxoliya da müşahidə olunur. Burada da əgər daha çox şeirin ünvanı qadındırsa.
Müasir poeziyada buna “nəğməli şeirlər” də demək olar.
Formaca qısa və lirik olurlar.
Müddəti uzun olmasa da, Anakreontun şeirləri qədim dövrdə və sonralar klassik dövrlərdə çox sevilib. Sonralar isə bu forma XVIII əsr Avropa poeziyasında, o cümlədən fransız, alman və rus ədəbiyyatında yenidən populyarlaşmışdır.
Hətta bu formanı davam etdirən şairlərə “anakreontik şair” adı da verilirdi.
İndi isə “gənc şair” mövzusu. Başqa cür ifadə etməliyiksə, bu forma hazırda yazmağa yeni başlayan insanların keçdiyi yola, “Tranplinə” çevrilib.
Bəs Azərbaycan ədəbiyyatında bu formanı gənc şairlərdən başqa davam etdirən klassik şairlər varmı?
Azərbaycan klassik poeziyasında “anakreontizm” anlayışı ayrıca bir cərəyan kimi formalaşmasa da, adda-budda izləri vardır.
Məsələn, Füzuli, Nəsimi, Xəqani, Nəvai kimi şairlərin qəzəllərində sevgi və şərab motivləri yer alıb, ancaq bu, bu daha çox sufizm və fəlsəfi kontekstdə olub.
Bir çox klassik qəzəllərdə bu formanın ən azı izlərinə rast gəlmək mümkündür. Üstəlik, şairlər əksərən özləri bu formada yazdıqlarını bilməyiblər.
Anakreontun banisi sayılan məşhur şairlərə misal olaraq Alkaios və Sapfonu demək olar. Onlar Anakreontun çağdaşları olub.
XVII-XIX əsrdə Avropa ədəbiyyatında isə Rousseaunu demək olar. O da ədəbi əcdadı kimi şərab və sevgi mövzularında yazıb. O cümlədən alman şairi Friedrich von Hagedorn bu üslubun əsas təmsilçilərindən biridir. Hətta Aleksandr Puşkinin bəzi şeirləri də bu formaya aid edilə bilir.
Şərq ədəbiyyatında bu üsluba, əlbəttə, Ömər Xəyyam daha yaxındır. Onun bu ruhda xeyli rübailəri mövcuddur. Yaxud da, Hafiz Şirazini misal olaraq demək olar.
Bəlkə də bu forma, bugünkü poeziyada yenidən doğulmağa hazırdır — lağ obyektinə çevrilməkdən çox, öz estetik dəyəri ilə. Bəlkə də şairlər, xüsusilə də gənclər, bu yola “keçid mərhələsi” kimi deyil, əslində nəğməli bir azadlıq kimi baxmağı öyrənsələr, anakreontizm bir daha yalnız tarixə aid olmayacaq.
Yaxud da, Anakreontik poeziyanı yalnız “qadın və şərab” kimi başa düşənlər, bəlkə də heç vaxt nə qadını, nə də şərabı anlayıblar.
Ədəbiyyat isə həmişə anlayanlar üçün yazılıb.
Orxan Saffari