Sabah məktəblərdə “Son zəng”dir

  • By Günel
  • 13 İyun 2025 08:30

Sabah Azərbaycanda ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək. Bu il 116 min 222 şagird XI sinfi bitirir.

“Son zəng” tədbiri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına uyğun şəkildə təşkil olunacaq.

Gununsesi.info xəbər verir ki, təlimata əsasən tədbir saat 10-da başlayıb, ən gec saat 12:00-da yekunlaşmalıdır.

Tədbirdə bayağı musiqilər səsləndirilməməli, zorakılığı və zərərli vərdişləri təbliğ edən, siyasi, cinsi, dini və irqi ayrı-seçkilik təbliğ edən ifadələr işlədilməməlidir.

Təlimata əsasən “Son zəng” tədbiri müəssisələrdə tədris prosesinə mane olmadan keçirilməlidir. Həmçinin tədbirdə iştirak edən şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olması təmin edilməlidir.

“Son zəng” tədbirində 1-ci sinif şagirdləri və məktəbdə təhsil alan 11-ci sinif şagirdlərinin valideynləri, təhsil idarəetmə orqanlarının nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər iştirak edə bilərlər. Eyni zamanda əraziyə asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis əməkdaşları cəlb olunacaqlar.

Qeyd edək ki, “Son zəng” ümumtəhsil məktəblərində dərs ilinin başa çatmasını elan edən ənənəvi tədbirdir. Azərbaycanda bu tədbir 2005-ci ilə qədər mayın 25-də, 2005–2016-cı illərdə mayın 31-də, 2017-ci ildən etibarən isə iyunun 14-də keçirilir.

Gununsesi.info