
Bu yaxınlarda Vaqif Bəhmənlinin yubileyi oldu və mən də həmin yubileydə iştirak etdim. Əvvəlcə çıxış etmək istəsəm də, düşündüm, yazmaq daha yaxşıdır. Üstəlik, çıxış edən ədəbiyyat adamların nitqlərini də çox təqdir etmədim. Ona görə ki, hər kəs Vaqif Bəhmənlinin özünün necə yaxşı insan olmasından danışıb, çox adamın bilmədiyi şeirlərdən də dedilər.
Düşündüm, öz növbəmdə mən də Vaqif Bəhmənlinin yaradıcılığının zirvəsi olan bir şeirini təhlil edim.
Doğrudur, Vaqif müəllimin ithaf şeirləri çoxdur, ancaq bu şeirdən səmimisi yoxdur.
Söhbət şairin sabiq nazir Əbülfəs Qarayevə yazdığı, buna görə də başı bəlalar çəkdiyi şeirdən gedir.
Bu şeir onun şair talehidir, simasıdır. Azərbaycanda, onsuz da, yazılarına görə sıxışdırılan şairlər çox olub, fəqət Vaqif müəllimdə məsələ daha fərqli, daha dəhşətlidir. Bu, sözün həqiqi mənasından bir müsibətdir.
Şair xoşniyyətli olsa da, daxili dünyasından gələn hisslərinə görə uzun müddət işsiz qalıb. Birmənalı şəkildə onu şeirinə görə çörəyindən ediblər.
Axı Vaqif müəllim bu şeirdə pis nə deyib?!
Gəlin, nəzər salaq.
Şeirin birinci bəndi belədir:
“Əbülfəs müəllim, dilinə qurban,
Tamam düz deyirsən, dediyin haqdı
Yaxşılıq yolunda can qoymusan, can,
Nə ki yamanlıq var, səndən uzaqdı”.
Əvvəla, təkcə bu bənd yox, ümumilikdə şeirin özü poetik ifadə zənginliyi, həm də mənəvi dəyərlər baxımından çox dəyərlidir.
Bu şeir Əbülfəs müəllimə yox, başqa adama yazılsaydı da eyni mənanı verərdi. Burada Əbülfəs müəllim ümumi müsbət obraz kimi götürülüb. Onun timsalında insanlıq, mərhəmət, əxlaq və xeyirxahlığın təntənəsi görsənir.
Şeirin əsas ideyası da budur: xeyirxah, mərhəmətli, alicənablıq.
İndi nə olsun ki, ithaf olaraq Əbülfəs müəllimin adı yazılıb?
Hətta mən başa düşə bilmirəm, Əbülfəs müəllim bu şeirə görə Vaqif Bəhmənlini niyə işdən çıxarıb? Şeirin çox möhtəşəm olmasındanmı çəkinibmi? Böyük bir şairin qiymətləndirilməsindən dəyərli nə var?
“Alova yaxşılıq, hisə yaxşılıq
Lap yansın çırağı qara evlərin.
Yaxşıya yaxşılıq, pisə yaxşılıq
Həyat tərzi budur Qarayevlərin”.
Bu, şeirin ikinci bəndidir. Birinci bənddə olduğu kimi, biz burada da Əbülfəs müəllimin simasında əsl yaxşılığın necə olmalı olduğunu görürük. Üstəlik, simvolikalarla birlikdə. O cümlədən, təkcə Əbülfəs müəllim yox, bu xüsusiyyətlərin ümumi Qarayevlər nəslinə aid olduğuna da şahid oluruq.
Ataların bir sözü var: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir”.
İndi bu misal, Vaqif müəllim Əbülfəs müəllimin pisliyə də yaxşılıqla cavab verməsini vurğulayır.
Bu, ali insani dəyər deyil də, nədir? Bunu ancaq Vaqif Bəhmənli kimi böyük şair görə bilərdi.
Vaqif müəllim, qələmizinə qurban!
Əbülfəs müəllimin müsbət obrazı isə şeirin hər bəndində daha da yüksəlir. Oxucu hər bəndə keçdikcə onun necə möhtəşəm insan olmasını Vaqif müəllimin dilindən eşidir. Özünə dərs çıxarır ki, məhz belə olmaq lazımdır.
Məsələn, növbəti bənddə deyilir:
“Əclaf da, paxıl da unudur kini
Nadan fikrə gedir qanmayanda da.
Üzü işıqlanır, adam sevinir,
Qardaş, sən adamı danlayanda da”.
Bu bəndə eyni zamanda Əbülfəs müəllimin rəhbər kimi kimliyinə də işıq düşür. Vaqif müəllim Əbülfəs müəllim tərəfindən danlanmağın böyük bir kayf olduğunu vurğulayır. Əslində, psixologiyada bunun adı “Mazoxistlikdir”. Bəlkə də, şair bir az mazoxist olmalıdır. Nə deyim?
Tək həqiqət var, doğrudan da, oxuduqca Əbülfəs müəllimin möhtəşəmliyinə heyran qalırsan. Görəsən, bu müsbət keyfiyyətləri indiyə qədər görən olmayıbmı? Görüblərsə, niyə demirlər? Ancaq yaxşı ki, elə Vaqif müəllim görüb. O şair müşahidəsini Vaqif müəllimdən başqası çətin edərdi.
“Son hesab xaliqin həddinə yetsə;
Dua var dəryanın yaş balığında.
Lap bir gün Allah da ziddinə getsə,
Yenə usanmazsan yaxşılığından”.
Bəli, dini baxımdan belə Əbülfəs müəllimin ruhani dünyasının şahidi oluruq bu bənddə.
Vaqif müəllim Əbülfəs müəllimi elə bir zirvədə görür ki, Allahın belə istəmədiyi halda, o, öz tutduğu yaxşılıq yolundan dala bir addım da atmaz. Bu hiperbolik ifadə ilə Əbülfəs müəllimin yaxşılığının nə qədər sonsuz və dəyişməz olduğunu vurğulayır. Şair burada yadplanetli olur, fəzaya qalxır, dünya ilə bütün əlaqələri kəsir, bu işıqlı dünyanın parıltısına gözlərini yumur və ancaq şeir bitəndən sonra açır.
“Çürük kötükdə də pöhrə gücü var
Yaxşılıq suyuna çək iyrəncləri.
Atan əvəzidir bütün qocalar
Balantək sevirsən bütün gəncləri”.
Biz bu bənddə Əbülfəs müəllimin həm də insanlığa, bəşəriyyətə qarşı münasibətini görürük. Əbülfəs müəllimin qocalara və gənclərə olan münasibəti Vaqif müəllimin nəzərindən yayına bilməzdi. Bu da öz növbəsində onu cuşa gətirib, dəli edib.
Onu deyim, şeirin kulminasiya nöqtələri müxtəlif bəndlərdə ola bilir. Bu şeirin kulminasiya nöqtəsi əslində bir yox, bir neçə yerdədir. Hətta şeirin birinci bəndi də kulminasiyadır. Görün, şeir necə möhtəşəm, sevgi ilə başlayır:
“Əbülfəs müəllim, dilinə qurban”.
Di gəl, bu bəndi də qeyd etməmək mümkün deyil:
“Bəlkə, sənə görə açılır səhər
Harda varsan orda xeyir dolaşır.
Düşəndə axşamlar, qarışanda şər
Qanadın altına xeyir doluşur”.
İlahi, necə də möhtəşəmdir?
Bəlkə, sənə görə açılır səhər…
Bu bəndi oxuyanda adam istəyir desin ki, Vaqif müəllim, verin qələminizi yalayım.
Əgər bu söz bir qadına deyilsəydi, heç bəlkə də, bu qədər möhtəşəm olmazdı. Bu sözü ehtiraslı edən bir kişinin dilindən başqa bir mötəbər kişiyə deyilməlidir. Bu şeiri oxuyan elə qadınlar ola bilər ki, Əbülfəs müəllimə paxıllıq edər, Vaqif müəllimi də qınayar. Şair necə də müstəsna şəkildə amansızdır, Allah!
Nəhayət, Əbülfəs müəllimin timsalında həqiqi insanın necə olmasından bəhs edən bu şeir bu bəndlə bitir:
“Qalaça tikirsən daş qalağından
Adam çox… hamıya bu vərdiş gəlmir
Qardaş, bir an qalma yaxşılığından
Onsuz da əlindən yaman iş gəlmir?!”
Bu şeir yalnız bir insanı tərifləmək məqsədi daşımır – o, yaxşılığın fəlsəfəsini təqdim edir. Əgər insan pisliyə də yaxşılıqla cavab verə bilirsə, deməli, o artıq sıradan biri deyil. Burada müəllifin yanaşması bir növ sufizmə və ya dərin humanizmə toxunur.
Ancaq bu şeir həqiqətdə heç vaxt bitməz. Bu şeirin şairin yaradıcılığının zirvəsi, oxucuların hisslərinin güzgüsüdür. Həm də simvolikalarla dolu olan bu şeirin bu bəndinin birinci sözü də bu cürdür.
Qalaça tikmək daş qalağından – çətin şəraitdə belə müsbət nəticə yaratmaq metaforası.
Bəli, Vaqif müəllim bircə sözü belə boş yerə deməyib.
Mənə elə gəlir, Vaqif müəllim özü bu möhtəşəmliyin fərqindədir. Kim nə deyir desin, hər şey ortadadır. Bəlkə də, Vaqif müəllim hər gecə bu şeiri öz-özünə deyir və şairlik həzzini yaşayır, şeirə görə repressiyaya məruz qalmağın duyğularını bir daha xatırlayır.
Öz-özünə deyir:
“Davam edir 37, daha kəskin, daha ciddi!”
Orxan Saffari
Gununsesi.info