
ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rütteyə bildirib ki, NATO-nun Avropadakı qüvvələrinin növbəti komandanı yenidən amerikalı hərbçilərdən təyin ediləcək.
Gununsesi.info xəbər verir ki, bu qərar Avropalı müttəfiqləri və qitədə Amerikanın iştirakının zəifləməsindən narahat olan respublikaçıların bir hissəsini sakitləşdirməyə yönəlib.
Bununla belə, Tramp administrasiyası Sakit okean istiqamətində və ölkə daxilində müdafiənin gücləndirilməsi məqsədilə Avropadakı qoşunların (hazırda təxminən 80 min nəfər) mümkün azaldılmasını müzakirə edir.
Qeyd edək ki, hazırda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı vəzifəsini Kristofer Kavolli tutur. Növbəti baş komandan vəzifəsinə əsas namizəd isə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahında əməliyyatlar üzrə direktor vəzifəsini tutan hərbi hava qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviçi hesab olunur. İkinci Dünya Müharibəsindən sonra yaradılan NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı vəzifəsini indiyədək yalnız amerikalı generallar tutublar.