Misirdə arxeoloqlar 3500 illik üç sərdabə tapıblar - FOTO

Misir arxeoloqları 3500 ildən çox yaşı olan üç sərdabə aşkar etdiklərini açıqlayıblar.

Gununsesi.info xəbər verir ki, qazıntılar Luksоrun Dra Abu əl-Naqa nekropolunun ərazisində aparılıb.

Bu yer tarixən yüksək təbəqənin nümayəndələrinin dəfn edilməsi üçün istifadə olunub.

Hər üç sərdabə firon ailəsi ilə əlaqəsi olmayan kişilərə məxsus olub. Alimlər sərdabələrin içərisində qorunub saxlanılmış heroqlif yazılar sayəsində onların adlarını və vəzifələrini müəyyən edə biliblər. Söhbət Amon məbədində işləyən Amun-em-İpet və taxıl anbarının nəzarətçisi Baki adlanan şəxslərdən gedir. Üçüncü sərdabənin aid olduğu adı S hərfi ilə başlayan şəxs isə eyni zamanda həm mirzə, həm Amon məbədinin nəzarətçisi, həm də şimal vahələrinin rəhbəri olub.

Qazıntılar zamanı alimlər alətlər, uşabti adlanan miniatür mumiya fiqurları, həmçinin dəfn avadanlığı elementləri daxil olmaqla, müxtəlif artefaktlar aşkar ediblər. Bu əşyalar o dövrün ritualları haqqında təsəvvür əldə etməyə, eləcə də Qədim Misirin mənəvi və mədəni ənənələrini anlamağa kömək edir.

Sərdabələr üç min ildən çox müddətdə tərk edilmiş vəziyyətdə olsa da, kifayət qədər yaxşı qorunub. Arxeoloqların sözlərinə görə, tədqiqatların nəticələri elmi jurnallarda dərc ediləcək.