
Azərbaycanın bir sıra tanınmış iqtisadçısı hazırda həbsdə olan tanınmış iqtisadçı, sabiq deputat Nazim Bəydəmirlinin azad olunması üçün prezident İlham Əliyevə müraciət edib.
Gununsesi.info-ya daxil olan müraciəti təqdim edirik:
“Sizə müraciət etməkdə məqsədimiz iqtisadçı həmkarımız, iqtisad elmləri doktoru, keçmiş millət vəkili və iş adamı Nazim Bəydəmirlinin həbsdə olmasından doğan narahatlığımızla bağlıdır. Nazim müəllim 2023-cü il iyulun 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilərək barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə, sentyabrın 1-də isə 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittihamlar irəli sürülmüşdü. 30 sentybar 2024-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Hörmətli, cənab Prezident! Nazim müəllim həm millət vəkili olduğu dövrdə, həm də sonrakı illərdə ictimai xadim, iş adamı kimi dövlətimizin, cəmiyyətimizin maraqları ilə bağlı olduqca faydalı işlər görüb. O, ictimai çıxışlarında ölkəmizin uğurlarını qeyd etməklə yanaşı, mövcud iqtisadi problemlərin həlli yollarını da həmişə göstərməyə çalışmış, təkliflər vermişdi. Bu da Sizin ölkəmizdə ictimai nəzarətin vacibliyi ilə bağlı çıxışlarınızda qoyulan tələblərə tamamilə uyğundur. Nazim müəllim həmçinin biznes fəaliyyətində nümunəvi iş adamlarımızdan biridir. Öz fəaliyyətində qanunçuluğu, şəffaflığı ali dəyər hesab edərək təşviq edib, sahibkarların hüquqi maarifləndirilməsinə çalışıb, vergi intizamına dəvət edib. Hörmətli, cənab Prezident! Nazim Bəydəmirli hazırda 62 yaşındadır, ömrünün 2 ilə yaxınını həbsxanada keçirib, səhhətində ciddi problemlər var. Sizdən xahiş edirik ki, həmişə olduğu kimi bu dəfə də humanism prinsiplərini rəhbər tutaraq, Milli Məclisin keçmiş üzvü, ziyalı, iqtisadçı-alim kimi onun fəaliyyətini, səhhətinin hazırki durumunu nəzərə alaraq, Nazim Bəydəmirlini əfv edəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk”.
İmza edənlər:
Sabit Bağırov
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Rasim Həsənov
İqtisad elmləri doktoru, İqtisad Universitetinin professoru İnqilab Əhmədov
İqtisad elmləri doktoru, Xəzər Universitetinin professoru Azər Mehtiyev
İqtisadiyyat üzrə fəlsəfə doktoru, İqtisad Universitetinin dosenti Elçin Rəşid,
İqtisadçı ekspert Samir Əliyev
İqtisadçı ekspert Zöhrab İsmayıl
İqtisadçı ekspert Vahid Məhərrəmov