Hərbi xidmət keçənlər Ukraynaya qaytarılacaq

“Almaniya hökuməti Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqının (CDU/CSU) bloku hakimiyyətə gələrsə, hərbi xidmət keçməli olan ukraynalıları vətənlərinə geri göndərəcək”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Münchner Merkur qəzetinə müsahibəsində Bavariyanın baş naziri və CSU lideri Markus Söder deyib.

Bildirilir ki, CDU/CSU müxalifət bloku Almaniyanın partiya reytinqlərində inamla birinci yeri tutur və 2025-ci ilin payızına planlaşdırılan parlament seçkilərindən sonra növbəti Almaniya hökumətinə rəhbərlik etmək üçün hər cür şansa malikdir.

Eyni zamanda apreldə Polşa hərbi yaşda olan kişilərin Ukraynaya qaytarılmasından danışıb. Sonra ölkənin müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib ki, Varşava öz ərazisində hərbi xidmətə məhkum olan ukraynalıların tapılmasında və onların vətənlərinə göndərilməsində Ukrayna hakimiyyətinə kömək etməyə hazırdır.

O, vurğulayıb ki, Polşa hakimiyyəti uzun müddətdir ki, Kiyevə “hərbi öhdəlikləri” olan şəxslərin müəyyən edilməsində yardım təklif edib. Hərbi xidmətə məhkum olan ukraynalıların müəyyən edilməsi və ekstradisiyasında Ukrayna tərəfinə yardımın formaları Kiyevin istəklərindən asılı olacaq, nazir aydınlıq gətirib.

Qeyd edək ki, Almaniya Ədliyyə Nazirliyinin rəhbəri Marko Buşman ötən il iddia etmişdi ki, Almaniya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrində xidmət etmək üçün ukraynalı qaçqınları Kiyevə təhvil verməyəcək.

Bundan əvvəl Çexiya, Avstriya və Macarıstan hərbi xidmətə yararlı qaçqınları Ukraynaya təhvil verməkdən imtina edib.

Ukrayna rəsmiləri isə müharibənin başlamasından sonra səfərbərlik yaşında olan təxminən 650 min ukraynalının Ukraynanı tərk etdiyini bildiriblər.

 

 

Şəbnəm

Gununsesi.info