
Daxili İşlər Nazirinin müavini Oqtay Kərimovun MSK-nın təşkil etdiyi müşavirədə 1 sentyabr-parlament seçkiləri ilə bağlı fikirləri müzakirələrə səbəb olub.
Gununsesi.info bildirir ki, DİN-nin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev təhrif olunmuş şəkildə təqdim edilən bu bəyanat haqqında danışıb.
DİN sözçüsü deyib ki, asayişin mühafizəsi digər hüquq mühafizə orqanları ilə birgə cari ilin sentyabr ayının 1-nə nəzərdə tutulan Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində və dövründə etibarlı təmin ediləcək:
“Vətəndaşların seçkidə öz iradəsini azad və sərbəst ifadə etməsi üçün yüksək təhlükəsizlik şəraiti yaradılacaq”.
DİN rəsmisi vurğulayıb ki, seçki ilə əlaqədar heç bir xüsusi hazırlıq işi aparılmır, eyni zamanda, səlahiyyətdən kənar məsələlərə polisin müdaxiləsi birmənalı istisnadır:
“Şəxsi heyət yalnız Seçki Məcəlləsindən irəli gələn aidiyyəti müddəaların tələblərinin həyata keçirilməsinə, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin edilməsi və yaşayış yeri üzrə qeydiyyata alınması vəzifələrinin yerinə yetirilməsinə səfərbər olunmuşdur”.
Günay
GUNUNSESİ.İNFO