ABŞ-də kəskin istilər 27 nəfərin həyatına son qoyub

ABŞ-nin bir çox ştatında keçən həftə həddindən artıq istilər nəticəsində azı 27 nəfər həyatını itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ-də Kaliforniya, Nevada, Arizona, Oreqon, Vaşinqton və Aydaho ştatlarında təqribən 146 milyon insan həddindən artıq istilərdən əziyyət çəkir.

Termometrlər Nevada ştatının Las-Veqas şəhərində 48,8 dərəcə, Kaliforniya ştatının Barstou şəhərində isə 47,7 dərəcə göstərdiyi halda, bir çox bölgədə, xüsusən də ABŞ-ın qərbində rekord temperatur müşahidə olunur.

İsti hava şəraitinin həftə sonuna qədər davam edəcəyinə işarə edən meteoroloqlar, əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib.

Səlahiyyətlilər həddindən artıq istilər səbəbindən Kaliforniyada 14, Oreqonda 10, Merilenddə 2 və Arizonada 1 nəfərin öldüyünü açıqlayıblar.

Səhiyyə mütəxəssisləri istilər nəticəsində dünyasını dəyişən 27 nəfərdən bəzilərinin yaşı 65-dən yuxarı olmasına və həyatını itirənlər arasında gənclərin də olduğuna diqqət çəkiblər.

 

 

 

Ceyhun

Gununsesi.info