Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Macarıstan parlamenti mayın 20-də ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmasına səs verib.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, qərarı baş nazir Viktor Orban bir müddət əvvəl açıqlamışdı. Səsvermədə 134 deputat qərarın lehinə, 37-si əleyhinə səs verib, 7 nəfər isə bitərəf qalıb.

Xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, hökumət bu qərarı yaxın günlərdə BMT Baş katibinə rəsmi şəkildə çatdıracaq. Onun sözlərinə görə, son vaxtlar BCM-in fəaliyyəti ciddi narazılıqlara səbəb olub.

Nazir qeyd edib ki, məhkəmənin ölmüş HƏMAS liderlərinə və İsrail Baş naziri Benyamin Netanyahunun həbsinə dair order çıxarması BCM-i “siyasi alətə” çevirib.

“Bu cür ciddiyyətsiz və siyasi motivli qərarlarla razılaşa bilmərik. Ona görə də Macarıstanın çıxışı ilə bağlı parlamentə müraciət etdik”, – deyə Siyarto bildirib.

Qeyd edək ki, Macarıstanın BCM-dən çıxmaq niyyəti ilk dəfə apreldə, Netanyahunun Budapeştə səfəri zamanı açıqlanmışdı. Orban bu addımı məhkəmənin “siyasiləşməsi” ilə izah edib.

Günel

Gununsesi.info