
İsrail Baş naziri Binyamin Netanyahunun dünən Qərb Divarına səfəri zamanı, İrana qarşı səhər həyata keçirilən “Yüksələn Aslan əməliyyatı“nın siqnalını Qərb Divarına qoyduğu qeyd ilə verdiyi ortaya çıxıb. Netanyahu orada “Aslanlar kimi yüksələn, aslanlar kimi ucaldan xalq” misrası yazılmış bir qeyd qoyub.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, İsrailin aparıcı qəzetlərindən biri olan “Jerusalem Post” İsrail rəhbərliyinin İrana qarşı hücumları gizli saxlamaq və sızmalarının qarşısını almaq üçün mətbuata silsilə xəbərlər yayaraq, İranı narahat etməməyə çalışdığını yazıb.
İsrail ordusu İrana onlarla reaktiv təyyarənin qatıldığı hava hücumu təşkil etdiyini açıqlayıb. Bəyanatda İranın nüvə silahına sahib olmağa “həmişəkindən daha yaxın” olduğu iddia edilib və İranın silahlarının İsrail və bütün dünya üçün təhlükə yaratdığı iddia edilib. İsrailin vətəndaşlarını müdafiə etdiyini əsas gətirərək “lazım olan yerə” hücum edəcəyi ilə hədələyib. İsrail İrana qarşı həyata keçirdiyi əməliyyatın adının “Yüksələn Aslan” olduğunu açıqlayıb. Açıqlamada, “İranın müxtəlif bölgələrindəki nüvə hədəfləri də daxil olmaqla, onlarla hərbi obyektə hücumların daxil olduğu birinci mərhələ tamamlandı”, – deyə bildirilib.
Günel Həsənova