Valideynlərə qarşı yeni fırıldaq – Övladın səsi ilə...

  • By Günel
  • 26 Avqust 2024 16:43

Texnobloger Fərid Pərdəşünas Azərbaycanda yeni dələduzluq növünün yayılması barədə məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, F.Pərdəşünas yeni metoddan istifadə edən naməlum şəxslərin əsas hədəflərinin valideynlər olduğunu deyib:

“Çox təhlükəli və dəhşətli dələduzluq növü yayılıb. Artıq Azərbaycanda qurbanlar var və külli miqdarda vəsait talanıb. Deməli, valideynə zəng gəlir. Dəstəyin o tərəfində olan övladın süni intellekt ilə klonlanmış variantıdır. Valideynə övladın səsi ilə qəza keçirdiyi, yaralı olduğu və kimisə avtomobillə vurduğu deyilir. Burada səs klonlanır və evdə olan valideyn sanki övladı və ya nəvəsi ilə danışırmış kimi təəssürat yaranır”.

Bildirilib ki, səsi klonlamış şəbəkə valideyndən təcili formada pul istəyir: “Evdə nə var-nə yox, hamısı xəstəxana xərcləri üçün tələb olunur. Hətta inandırıcı olsun deyə dəstəyi yanında olan saxta polis və ya prokuror olan şəxsə ötürür. O da təsdiqləyir ki, qəza baş verib, vəziyyət ağırdır.

Növbəti mərhələdə övlad valideyninə özünün gələ bilmədiyini və pul üçün adam göndərəcəyini deyir. Valideyn təlaş içində pulu aşağı düşürür və ondan 1 nəfər pulu götürür. Bu cür dələduzluqla artıq neçə nəfərin pulu talanıb. 11 000 avro pul itirən zərərçəkən var. Hazırda DİN məsələni araşdırır.

Mənim ilkin araşdırmalarıma görə binanın önünə gələn şəxs belə başqa dələduzluğun qurbanıdır, sadəcə kuryer funksiyasını daşıyır. Film kimi ssenari qurulub. Bu dələduzluğu edənlər ehtimal edirəm ki, Azərbaycanda deyil. Yenə də son açıqlama DİN-dən olacaq. İndiki halda maksimum diqqətli olun! Proses çox inandırıcıdır və hədəf yaşlı insanlardır”.

DİN-in Mətbuat xidmətinin rəis müavini Zeyni Hüseynov Gununsesi.info- nun sorğusuna cavab olaraq bildirib ki, bu kimi əməllərə qarşı tədbirlər görülür və saxlanılanlar var: “Polis tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində mütəmadi olaraq təbliğat, təşviqat, maarifləndirmə işləri həyata keçirilir. Buna baxmayaraq, kiberdələduzlar dayanmadan yeni üsul və vasitələr üzərində çalışırlar. Son zamanlar isə belə şəxslər sosial mühəndislik yolu məlumatlar toplayaraq əsasən yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər edirlər. Hətta süni intellekt vasitəsilə səslər eyniləşdirilir.

Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Müəyyən edilib ki, həmin şəxs teleqram sosial şəbəkəsində əlaqə qurduğu xarici ölkələrdə yaşayan naməlum şəxslərin onu yönləndirdiyi ünvanlara yollanaraq onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib və yardım göstərilməsi üçün pul tələb edib. Saxlanılan şəxs pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra teleqramda əlaqə qurduğu şəxslərin kriptovalyuta hesablarına köçürüb. Məbləğin bir qismini özünə götürüb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə teleqram sosial şəbəkəsində əlaqə yaratdıqları naməlum şəxslərin sifarişi ilə analoji əməllərin törədilməsində kuryer qismində iştirak edən 20 nəfərə yaxın şəxs saxlanılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bir daha vurğulayırıq ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər”.

 

Gununsesi.info