
Qazaxıstanda daxili ticarət sahəsində biznesə dövlət dəstəyinin yeni mexanizmi işə düşəcək.
Gununsesi.info Ulysmedia.kz- a istinadən xəbər verir ki, bunun üçün artıq dörd milyard təngə ayrılıb.
2024-cü ildə Ticarət Nazirliyində və onun tabeliyində olan təşkilatlarda aparılan audit zamanı məlum olub ki, Qazaxıstanda ticarət infrastrukturunun daha da inkişafına mane olan səbəblərdən biri biznesin bu istiqamətdə investisiya imkanlarının məhdud olmasıdır.
Buna görə də nazirliyə “sahibkarlıq subyektlərinin maliyyə potensialının artırılması” mexanizmlərini hazırlamaq tapşırılıb.
Nazirin 21 iyun 2024-cü il tarixli əmri ilə daxili ticarət sahəsində sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin göstərilməsi qaydaları təsdiq edilib ki, bu da son nəticədə müasir ticarət infrastrukturunu formalaşdırmalıdır.
Birinci mərhələdə dövlət bunun üçün dörd milyard təngə ayırıb.
“Damu” fondu vasitəsilə maliyyələşdirməyə 2024-cü ilin oktyabrında başlanması planlaşdırılır.
“Qaydalar, həmçinin, dövlət dəstəyi alanların ölkədə istehsal olunan ərzaq və qeyri-ərzaq məhsullarının pərakəndə satış məntəqələrində yerləşdirilməsi ilə bağlı qarşılıqlı öhdəlikləri nəzərdə tutur.
Bu, Qazaxıstan əmtəə istehsalçılarının məhsul satış kanallarına çıxış imkanlarını daha da genişləndirəcək”, – Ali Audit Palatasının bəyanatında deyilir.
Əvvəllər Milli Akkreditasiya Mərkəzi Qazaxıstanda aparılan auditin nəticələrinə görə cəzalandırılıb.
O, inzibati məsuliyyətə cəlb edilib, hətta cərimələnib.
Qazaxıstan hökuməti, həmçinin biznesin dəstəklənməsi tədbirlərinə yenidən baxıldığını, bu tədbirlər çərçivəsində kiçik və orta biznesin inkişafı proqramının qəbul edildiyini bildirib.
Şəbnəm
Gununsesi.info