Kanadada tətil edən dəmiryol işçiləri işə qayıdacaqlar

Avqustun 22-də tətil elan edən Kanadanın iki ən böyük dəmir yolu şirkətinin – Canadian Pacific Kansas City (CPKC) və Canadian National Railway (CN) işçiləri avqustun 26-da bazar ertəsi işə qayıdacaqlar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Globe and Mail” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Kanada Əmək Münasibətləri Şurası (CIRB) həm şirkətlərə, həm də Teamsters həmkarlar ittifaqına məcburi arbitrajdan keçmək, dəmiryolçulara isə işə qayıtmaq əmri verdikdən sonra avqustun 23-də CN əməkdaşları işə qayıtmağa başlayıblar.

CPKC avqustun 25-də əməliyyatları bərpa edəcəyini söyləyib, lakin həmkarlar ittifaqı işçilərin “bazar ertəsi gecə yarısından bir dəqiqə sonra” işə qayıtmalı olduqlarını bildirib.

CN sözçüsü Conatan Abecassis qəzetə deyib ki, “xidməti bərpa etmək bir həftə, bəlkə də daha uzun sürəcək”.

Kanada İstehsalçıları və İxracatçıları ticarət assosiasiyasının rəhbəri Dennis Darby, dəmir yolu xətlərinin kəsilməsinin bir aya qədər davam edə biləcəyini, yəni müştərilərin mallar üçün adi haldan bir az daha çox gözləməli ola biləcəyini söyləyib.

Qeyd edək ki, Kanadada dəmiryol işçiləri tətili keçən həftə başlayıb.

 

 

İlhamə

Gununsesi.info