Türkiyə və Rusiya Yaxın Şərq üzrə məsləhətləşmələri başa çatdırdı

  • By Günel
  • 25 Aprel 2025 21:42

Türkiyə və Rusiya Xarici İşlər nazirliklərinin nümayəndə heyətləri İstanbulda keçirilən Yaxın Şərq üzrə məsləhətləşmələri yekunlaşdırıblar.

Gununsesi.info xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, görüşdə xüsusilə Suriya və Fələstin mövzusu üzrə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələr xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Türkiyə tərəfini nazir müavini Nuh Yılmaz, Rusiya tərəfini isə nazir müavini Mixail Boqdanov təmsil edib. Yılmaz görüş zamanı Türkiyənin Suriya ilə bağlı əsas prioritetinin bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması olduğunu vurğulayıb. Onun sözlərinə görə, Suriya administrasiyasının siyasi və iqtisadi baxımdan dəstəklənməsi üçün ən effektiv yol mövcud sanksiyaların aradan qaldırılmasıdır.

Türkiyəli diplomat, həmçinin qeyd edib ki, Yaxın Şərqdəki problemlərin kompleks xarakter daşıması səbəbilə sülh və sabitlik yalnız bütün maraqlı tərəflərin koordinasiyalı və ortaq yanaşması ilə mümkündür.

Gununsesi.info