Rövşən Rzayev məcburi köçkünlərlə görüş keçirib

Mayın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib və suallarını cavablandırıb.

Qəbul zamanı vətəndaşlar əsasən Böyük Qayıdış prosesi, köçürülmə prinsipləri, məşğulluq məsələləri, müvəqqəti məskunlaşma yerlərində şəraitin yaxşılaşdırılması, kommunal xidmətlər, vahid aylıq müavinət və digər sosial məsələlərlə bağlı müraciət ediblər.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin göstərişlərinə əsasən keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və rahat şəkildə qayıtması istiqamətində işlər ardıcıl şəkildə həyata keçirilir. Həmçinin qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərini daim nəzarətdə saxlayır və bu istiqamətdə müvafiq tədbirlər görülür.

Görüş zamanı vətəndaşların müraciətləri qeydə alınıb və onların araşdırılaraq qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.