
ABŞ-də saxlanılan Rümeysa Öztürkün vəkilləri müvəkkillərinin Vermont ştatına köçürülməsinin təxirə salınmamasını istəyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ -də Fələstinə dəstək ittihamı ilə saxlanılan Tufts Universitetinin doktorantı Rümeysa Öztürkün vəkilləri müvəkkillərinin Vermont ştatına köçürülməsinin təxirə salınmamasını tələb edirlər .
Öztürkün vəkillərindən verilən yazılı açıqlamada Rümeysa Öztürkün Vermonta transferinin gecikməməsi üçün apellyasiya məhkəməsinə müraciət ediləcəyi bildirilib. Bəyanatda
Luiziana ştatında saxlanma şəraitinin Öztürkün sağlamlığını ciddi şəkildə təhdid etdiyi vurğulanaraq, 23 qadınla sıx və zəif havalandırılan bir otaqda saxlanılan Öztürkün tez-tez astma tutması keçirdiyi və bu hücumların getdikcə daha da pisləşdiyi qeyd edilib.
Açıqlamada Öztürkün astma tutmalarının əvvəllər 5 ilə 15 dəqiqə arasında davam etdiyi, indi isə 45 dəqiqəyə qədər davam edə bildiyi bildirilib.
Öztürkün həm qanunsuz, həm də sağlamlığı üçün təhlükə altında qalaraq təxminən 6 həftədir həbsdə saxlandığı iddia edilən açıqlamada türkiyəli tələbənin həşərat və gəmirici nəcisinə məruz qaldığı, çətinliklə təmiz havaya çıxdığı, tibbi müdaxilələrinin gecikdiyi, tibb işçilərinin münasibətinin laqeyd olduğu bildirilib.
Massaçusets ştatının federal hakimi Öztürkün hüquqi mübarizəsinin Luizianada deyil, Vermontda davam etməsinə qərar verib, Vermont ştatının başqa bir hakimi isə Öztürkün mayın 1-dək Vermontdakı bir müəssisəyə köçürülməsinə qərar verib, lakin ABŞ hökuməti aprelin 24-də bu qərardan apellyasiya şikayəti verib.
Orxan