Musiqi, rəqs və gülüş həyatı ağırlaşdıran hər şeyə fəlsəfənin anlamadığı bir dil ilə üsyan etməkdir. Heç nəyi sorğulamadan qayğısız bir sevda ilə yaşamaq insana və onun bulanıq suallarına təbiətin verə biləcəyi ən gözəl cavabdır.
Ağaclar bu suallara gülümsəyərək baxar və yaşıllaşırlar. Dəniz öz kefində dalğalarını at kimi çapdırır. Leyləklər gələr və gedər… İnsan isə açar qollarını iki yana və vurar topuqlarını yerə…
Elçinin “Bayraqdar” əsərində çox maraqlı obraz var: Vasili Kuzmiç. O, başına nə gəlməsindən asılı olmayaraq bir şüarı var: “Bu həyatdır və həyatın öz qanunları var”. Onun sevdiyi həyat yoldaşı vəfat etmişdir, ölkədəki ağır siyasi rejim ucbatından normal həyatını səfil kimi davam etdirməli olur, evini satıb bütün pulu oğluna verir, özü isə zəngin bir iş adamının bağ evinin komasında girlənməli olur.
O hətta anlayır ki, oğlu maddi məsələlərə görə atasını öldürə də bilər, amma dərd etmir, çünki “bu həyatdır və həyatın öz qanunları var”…
Yəqin ki, sənətin əsasında bu meyar durur. İnsanlara həyatı olduğu kimi qəbul etdirmək, həyata hazırlamaq, mübarizliyə ruhlandırmaq, yaşatmaq, yaratmaq və baş qaldırmaq. Sənətçi cəhənnəmdən, yəni dünyanın mövcud olduğu o böyük keşməkeşlə dolu dolaşıqlıq sistemindən xəbərlər gətirir. Hətta bəzən deyilir ki, məhz bu səbəbdən Tanrı sənəti heç zaman qəbullana bilmir.
Çünki sənət Şeytanın ən hiyləgər üsyanıdır…
İlahə Səfərzadə