
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri həm regionda, həm də başqa ölkələrdə böyük maraqla izlənilir.
Prezident Putin dövlət başçımız İlham Əliyevlə görüşü zamanı bir sıra mühüm bəyanatların müəllifi olub.
Bu bəyanatlar Azərbaycana birmənalı dəstəyin ifadəsi kimi qiymətləndirilir.
Halbuki, Rusiya son 2 ilə qədər Azərbaycana münasibətində belə deyildi.
Baxmayaraq ki, Paşinyan hökuməti Azərbaycanın “Dəmir yumruğu” qarşısında geri çəkilmişdi və baş nazirin dilindən dəfələlərlə ölkəmizin ərazi bütövlüyünün tanındığı ifadə edilirdi, amma Rusiya hər vəchlə Qarabağın separatçı qruplarının marağından çıxış edirdi.
Xatırlayırsınızsa, prezident Putin bəyanatlarının birində Qarabağdakı məğlubiyyətə görə Ermənistan hökumətini ittiham edərək, separatçılara dəstəyini ifadə etmişdi.
Zaxarovanın dilindən də “Qarabağ erməniləri istəsə, Rusiya onlara kömək edə bilər” bəyanatı davamlı səsləndi. Ancaq ermənilər bu vədlərin real olmadığını gördü və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa yol tapmadı.
Bütün bunlar Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial, güzəştsiz mövqeyinin nəticəsində oldu.
İndi artıq Rusiya iki əvvəlki Rusiya deyil.
Putinin Bakıdakı bəyanatları bu fərqi açıq göstərir.
Milli Məclisin deputatı Cavanşir Feyziyev də Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.
Cavanşir Feyziyev deyir ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub: “Bu, Rusiya dövlət başçısının Bakıya hazırkı səfəri zamanı atdığı ən mühüm addımlardan biri idi. Bu addım mahiyyət etibarilə SSRİ rəhbərliyinin və şəxsən SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun Azərbaycana qarşı ədalətsiz münasibətinin və cinayətkarlığının etirafı idi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıya daxil olması barədə əmri məhz Qorbaçov vermişdi. Həmin əməliyyat nəticəsində respublikamızın müxtəlif millətlərdən olan 170 vətəndaşı həlak olmuşdur ki, bunların da əsas hissəsi qocalar, qadınlar, uşaqlar idi.
Əslində, Vladimir Putinin bugünkü addımı həmin cinayəti mühakimə etdiyini, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiramı özündə ehtiva edirdi. Bu həm də SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun yalnış siyasətinin və cinayətkarlığının günahı ucbatından Ermənistan-Azərbaycan münaqişəsinin alovlandırılmasının etirafı idi”.
Deputat hesab edir ki, ümumiyyətlə, Rusiya Prezidentinin Bakıya səfərini və bu səfərin nəticələrini qiymətləndirərək birmənalı olaraq bu qənaətə gəlmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin parlaq xarici siyasət xətti həyata keçirilir: “Ölkəmiz ərazi baxımından o qədər böyük olmasa da, təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada da mühüm rol oynayır. Azərbaycan həm Rusiya, həm də Avropa İttifaqı ilə praqmatik münasibətlər qurub, Köhnə Dünyanın enerji təhlükəsizliyini təmin edib. Azərbaycan xarici qüvvələrin regionumuzu idarə olunan xaos uçurumuna salmaq planlarına qarşı durur. Biz Azərbaycan vətəndaşları olaraq bunu yüksək qiymətləndirməliyik və məhz buna görə gələcək nəsillər həmişə minnətdar olacaqlar”.
Cavanşir Feyziyevin fikrincə, bugün Rusiyanın Azərbaycana münasibətini dəyişməsi də ölkə başçımızın apardığı siyasətin nəticəsidir.
Şəbnəm Rəhimova
Gununsesi.info