
Avropa İttifaqına üzv olan 13 ölkənin Avropa məsələləri üzrə nazirləri bildiriblər ki, hökumət kursu dəyişməsə, Gürcüstan Aİ-yə üzv ola bilməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə SOVA-ya istinadən Gürcüstan məsələsi ilə bağlı birgə bəyanatda deyilir.
“Gürcüstan hökuməti kursunu dəyişməyincə, Gürcüstan Avropa İttifaqına üzv ola bilməyəcək. Bu aydın qərarın ən kiçik yumşaldılması və ya fərqli şərhi belə ya səhvdir, ya da sadəcə yalandır”– deyə bildirilib.
Ölkələr Gürcüstanı qarşıdan gələn seçkilərin azad və ədalətli keçirilməsini təmin etməyə çağırıblar.
Vurğulanıb ki, gürcü xalqı son onilliklər ərzində çox şey əldə edib və Gürcüstanın 2022-ci ilin martında Aİ-yə üzv olmaq üçün müraciət etməsi bu yolda tarixi mərhələ olub.
Qeyd edilib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun nə məzmunca, nə də ruh baxımından Aİ-nin əsas norma və dəyərlərinə uyğun deyil. Bu, Gürcüstanın Aİ-yə üzvlüklə bağlı öhdəliklərinin əsasını təşkil edən Gürcüstan vətəndaşlarının fundamental hüquqlarını pozur.
Oktyabrın 17-də Brüsseldə keçirilən sammitdə Aİ ölkələrinin liderləri Gürcüstanın avrointeqrasiya prosesinin faktiki dayandırılması ilə bağlı bəyanatlarını təkrarlayıblar.
Afət