
Təbii tarazlığın mühüm elementlərindən biri olan arıların sayı qlobal istiləşmə, ətraf mühitin çirklənməsi və insanların təsiri ilə getdikcə azalır. Xüsusilə pestisidlər arı ölümlərində mühüm faktor kimi önə çıxır. Kolumbiyanın Rosario Universitetinin alimləri arıları pestisidlərdən qorumaq üçün xüsusi qida əlavəsi hazırladıqlarını açıqlayıblar.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rosario Universitetinin tədqiqatçıları Arizona Universitetinin nevrologiya mütəxəssisləri ilə birgə arıları pestisidlərdən qorumaq üçün qeyri-adi üsul tapmağa nail olublar.
Laboratoriya şəraitində arıları xüsusi pipetlərlə bəsləyən alimlər müəyyən ediblər ki, bəzi qidalar pestisidlərdən qoruyur.
Mütəxəssislər müəyyən bir qida məhlulunun arıların təbiətdə qarşılaşdıqları pestisidlərin konsentrasiyasına qarşı effektiv qorunma təmin etdiyini müəyyən ediblər.
Zərərsiz arıların normal fəaliyyətlərini davam etdirərək tozlandırma vəzifələrini yerinə yetirə bildikləri müşahidə edilib.
Kolumbiyalı alimlər öz tapıntılarını real dünya məlumatları ilə sınaqdan keçirərək genişləndirməyi hədəfləyirlər.
Layihə uğurlu olarsa, minlərlə bitki növünü tozlandıran arıları qorumaq üçün mühüm üsul hazırlanacaq.
Tədqiqatçılar vurğulayırlar ki, arıların olmadığı şəraitdə dünyada yaşayan canlı növlərinin əksəriyyəti təhlükə altındadır. Arıların qorunması ekosistem tarazlığının davamlılığı üçün çox vacibdir.
Qeyd edək ki, araşdırmaların nəticələri hələlik ictimaiyyətə təqdim olunmayıb. Yekun nəticədən sonra proseslərə başlanılacaq.
Orxan Saffari