Gürcüstandakı seçkilərdə Moldovada olan ssenari təkrar olunacaq: - Fazil Mustafa

Gürcüstandakı seçkilərə sayılı günlər qalır. 

Bəs biz bu prosesi necə düşünürük?

“Fikrimcə, Gürcüstandakı seçkilərdə Moldovada olan ssenari hansısa formada təkrar olunacaq. Çünki orada Rusiyafobiya o səviyyədədir ki, cəmiyyətin böyük əksəriyyəti Avropa İttifaqı kimi bir mifik hədəfə yönəlməyə maraq göstərmir. Çünki bu hədəflər müəyyən dərəcədə həmin ölkələrin qoruna biləcəyinə zəmanət vermir.”

Bu sözləri Gununsesi.info-ya Gürcüstankı seçkiləri şərh edən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Fazil Mustafa onu da bildirib ki, Avropa Birliyi özünü mücərrəd qurum kimi təqdim edir, real kömək etmək iqtidarında deyil:

“İkinci tərəfdən də, Avropa Birliyi özünü mücərrəd bir qurum kimi özünü təqdim edir, hansısa bir real kömək göstərmək iqtidarında olmadığını dəfələrlə göstərib. Bu baxımdan, burada hansısa bir problemin çıxacağını düşünmürəm. Çünki qüvvələr nisbəti və hakimiyyət resursları kifayət qədər güclüdür. Hər halda Gürcüstan cəmiyyəti daha realist davranmağa məhkumdur. Çünki hər hansısa bir şəkildə demokratiya, azadlıqların çoxluğu, cəmiyyət içində Avropa dəyərlərinin önə çəkilməsi nə qədər aktual və populyar olsa da, təhlükəsizlik daha önəmli məsələdir. Çünki çevrədə baxıb görürlər ki, təhlükəsizlik təmin olunmayan yerdə daha böyük faciələr yaşanmış olur.

Fazil Mustafa seçkilərin yekun nəticəsində mövcud hakimiyyətin qalib gələcəyini düşünür:

Düşünürəm, Gürcüstandakı mövcud hakimiyyət bu dəfə də hakimiyyətini qoruyub saxlaya biləcəkdir. Aldığım informasiyalar onu göstərir ki, müxalifət hər nə qədər güclü olsa da, Qərb ölkələri bu prosesə dəstək versələr də, vaxtında səmimiyyətsizlik göstərdiklərinə görə, hazırda Qərbə inanan qüvvələrin də sayı azalmaqdadır. Hər halda hakimiyyətin hansı taktiki addımlar atacağını da proqnozlaşdıra bilmirik. Çünki ötən seçkilərdə xeyli vəsait xərclənməsinin şahidi olduq. Məsələn, aztəminatlı insanlara bu və ya digər formada seçkilər ərəfəsində şirnikləndirici addımların atıldığını da gördük. İndi bu nə dərəcədə edə biləcəklər?

Bunun özü də nəticələrə ciddi təsir göstərə bilər.

Orxan Saffari

Gununsesi.info